BAKI, 3 aprel. TELEQRAF

Atatürk Mərkəzinin direktoru, akademik Nizami Cəfərov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Nizami müəllim, Azərbaycanda elm sahəsində daha çox yaşlı nəslin nümayəndələrinin təmsil olunması ilə bağlı iddialar səslənir. Sizcə, bu nə dərəcədə həqiqətə uyğun yanaşmadır və bu belədirsə, səbəbi nədir? Niyə gənclər bu sahədə fəal deyil? Problem nədən ibarətdir?

- Azərbaycanda elmin yəni, bu sahə ilə məşğul olanların yaş həddinin çox olması və yaşlanması prosesi mövcuddur. Amma bu təkcə Azərbaycanda deyil, ümumiyyətlə dünya ölkələrində belədir. Ölkəmizdə və bir az da türk dünyasında, humanitar elmlərin təcrübəsindən çıxış edərək onu demək olar ki, qəribə bir vəziyyət əmələ gəlib. Reallıq odur ki, 25-30 yaşlarında olan gənclik böyük elmə gəlir. Bu halda onlar öz istedadlarını, nəyə qadir olduqlarını nümayiş etdirirlər. Burada isə söhbət təsadüfi hallardan getmir, kütləvi hal məhz belədir. Çünki o yaş insan həyatının ən mürəkkəb dövrü hesab edilir. Yəni, insanın o yaşda ailə qurması, şəxsiyyət kimi yetişməsi məsələləri mövcuddur. Hətta burada ailə qurmaq məsələsinə də daha geniş kontekstdə baxmaq olar ki, insan o yaşda ev-eşik sahibi olmağa da çalışır. Azərbaycanda və xaricə gedən gənclərimiz üçün də bu xarakterikdir. Bu isə onların həyatına təsir göstərir. İstənilən gənc bütün maneələrə qalib gələrək elmlə məşğul ola bilirsə, o təxminən 40-50 yaşlarında ciddi bir mütəxəssis olur. Bu daha çox humanitar elmlərə aid olan bir məsələdir. 25-50 yaşlarında elmlə məşğul olmağa başlayan və maneələri keçə bilməyənlər daha çox elm ətrafında olan adama çevrilir.

- Bu bütün elm adına məşğul olanlara da şamil edilə bilərmi?

- Elə adamlar elmdə məmurluq edir, müxtəlif vəzifələrə can atır, o vəzifələri tutur. Bu halda o, elmdən sui-istifadə edir. Beləliklə o ciddi alim ola bilmir. İndiki şəraitdə bu məsələ bir qədər geniş yayılıb. Bir də görürsən ki, iki-üç müəllif birgə tədqiqat aparır. Hətta o elm məmurluğunun peşəkarıdırsa, həmin kitablarda, məqalələrdə adı birinci yazılır. Bu vəziyyətdə isə həmin adam sadəcə olaraq, elm adına 60-70 yaşına kimi öz yerində durur. Hətta bu dövrdə o böyük elmi adlar alır. Axı məmurlar daha tez elmi ada bilirlər. Elmin bu cür yaşlanması məsələsi də var. Sözsüz ki, bu elm deyil. Həmin adamın yaşlanmasının, gənc qalmasının elə də bir əhəmiyyəti yoxdur. Əsas məsələ 25-30 yaşlarında maneələri keçmiş insanlarla bağlıdır. Bu universitet və Elmlər Akademiyasının, eləcə də başqa sahədə çalışan alimlərə də aiddir. Məhz bu kateqoriyadan olan elm adamlarının statistikası aparılmalıdır.

- Həmin şəxslər ömürlərinin sonuna kimi elm sahəsində qala bilirmi?

- Bu adətən çox az nisbətdə olur. Onların əksəriyyəti ömürlərinin sonuna kimi bu sahədə qalır. Bəzi hallarda isə onlar ani bir populyarlıq da qazanır. Çünki hansısa dövlət işlərində, müəssisələrin elmi maraqlarına bağlı olan məsələlərdə onlara müraciət edilir. Əgər elm qocalırsa yəni, yaşlı adamlar bu sahədə olursa, bu daha çox onlara aiddir.

- Fundamental elmlər sahəsindəki mənzərə necədir?

- Bu sahənin adamları adətən ya xaricə gedir, ya da onlarla bağlı olur. Bu adamlar üçün rahat elmi mühit formalaşmalıdır ki, bunun üçün milyonluq laboratoriyalar lazımdır. Hər bir ölkə isə bu cür laboratoriyaları yaratmağa qadir deyil. Azərbaycanda bu sahənin inkişafı ilə bağlı dövlət proqramı qəbul edilib. Bununla yanaşı xaricdə olan öz kadrlarımızın ölkəyə qayıdışı təmin edilsə, bu sahədə yaş həddinin çox aşağı olduğunu görərik. Bunun müqabilində ümumi yaşlı nəslin də sırasında 15-20 faizin elm adamı olduğunu müəyyənləşdirmək olar.

- Azərbaycan Milli Elmlər Akademiyasının gələcəyi ilə bağlı proqnozlar nədən ibarətdir?

- İndi görək, AMEA-nın taleyi necə olacaq? Akademiyanın problemi bura yeni mütəxəssislərin qəbul olunmaması ilə bağlıdır. Bura aspirantura və doktorantura yolu ilə getmək lazımdır. Bu da yaşlı adamların akademiyaya daha çox ayaq açmasının qarşısını almış olur. Məhz bu cür mexanizmlər müəyyən qədər qaydalar yaradır ki, gənclik bu prosesdə iştirak etsin.

- Elmə daha çox kimlər maraq göstərir?

- Çox az sayda gənclərin istedadlı nümayəndələri bu sahəyə gəlir. Amma qadınlar daha çox elmə sahəsinə maraq göstərirlər.