BAKI, 19 mart. TELEQRAF
Kosta-Rika hökuməti Havanadakı səfirliyinin bağlanması barədə qərar qəbul edib və Kuba hakimiyyətindən San-Xosedəki diplomatik heyətini geri çağırmağı tələb edib.
Teleqraf xəbər verir ki, bu barədə “La Nasion” qəzeti respublika rəhbərliyinə istinadən məlumat yayıb.
Bildirilib ki, rəsmi San-Xose bu addımı adada insan hüquqları ilə bağlı vəziyyətin “sistemli şəkildə pisləşməsi” iddiası ilə əsaslandırıb.
Qeyd olunub ki, qərarı Kosta-Rikanın xarici işlər naziri Arnoldo Andre Tinoko açıqlayıb. Ölkə prezidenti Rodriqo Çaves isə administrasiyasının Kuba rəhbərliyinin legitimliyini tanımadığını bəyan edib.
Nəşr vurğulayır ki, San-Xosedə yalnız Kuba konsulluq əməkdaşları vətəndaşlara xidmət göstərmək üçün fəaliyyətini davam etdirə biləcək. Eyni zamanda, Kosta-Rika Havanada konsulluq saxlamayacaq və konsulluq məsələləri Panamadakı səfirlik vasitəsilə həll olunacaq.