BAKI, 18 mart. TELEQRAF
Xaricdə sığınacaq tapıb öz vətəninə qarşı zəhər qusan, milli mənliyini və ləyaqətini itirmiş xəyanət yuvalarının növbəti rəzil şousu ilə üz-üzəyik. Mehman və Emin Hüseynovlar, Qabil Məmmədov və onlar kimi mənəviyyatını qəpiyə satmış ünsürlərin yaydığı şər-böhtan dolu məlumatlar sadəcə informasiya kirliliyi yox, birbaşa dövlətçiliyimizə və xalqımızın iradəsinə qarşı yönəlmiş açıq təxribat, çirkin bir informasiya terrorudur.
Bunu Teleqraf-a açıqlamasında Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı bildirib.

"Bu kampaniyanın mərkəzində duran, kişi adını daşımağa belə haqqı olmayan məxluqların dövlətin yüksək vəzifəli nümayəndələrini müxtəlif vasitələrlə şantaj etməyə cəhd göstərməsi onların nə qədər aşağılıq bir yola əl atdıqlarının bariz sübutudur. Guya Alena Əliyevaya aid olduğu iddia edilən uydurma materiallarla təhdid dili qurub milyonlarla vəsait tələb etmək mənəviyyatsızlığın, vicdansızlığın və şərəfsizliyin ən son həddidir.
Bu, sadəcə fərdi bir hərəkət deyil, xarici anti-Azərbaycan mərkəzlərin əlində oyuncaq olan muzdlu nökərlərin həyata keçirdiyi sifarişli və çirkli bir əməliyyatdır. Kimliyindən və hansı xarici paytaxtda gizlənməsindən asılı olmayaraq, belə üsullara əl atan hər kəs bilməlidir ki, Azərbaycan dövləti heç vaxt şantaj, təhdid və təzyiq dili ilə danışanlarla hesablaşmayıb və hesablaşmayacaq. Cəmiyyətimiz bu cür ucuz manipulyasiyalara aldanmır, xalqımız kimin hansı qrantın qarşılığında hürdüyünü, kimin hansı çirkin məqsədlərlə hərəkət etdiyini çox yaxşı bilir", - deyə qeyd edib.
G.Ağamalı vurğulayıb ki, xaricdə oturub ölkəmizə qarşı qarayaxma aparmaq mənəvi iflasdır: "Bu yolu tutanlar artıq xalqın nifrətində boğulurlar. Hüquq-mühafizə orqanları bu mütəşəkkil cinayət əməllərinə ən sərt hüquqi qiyməti verəcək, dövlətimizin nüfuzuna xələl gətirməyə çalışan hər bir ünsür qanun qarşısında mütləq cavab verəcək. Bu məqamda Dövlət Təhlükəsizlik Xidmətinin peşəkarlığı öz sözünü demiş oldu. Bir daha sübuta yetirildi ki, ölkəmizin təhlükəsizliyi etibarlı əllərdədir. Nəinki prezident ailəsini, heç bir azərbaycanlını şantaj etmək, ailəsinə toxunmaq olmaz!
O "mehmancıqlar", "eminciklər" və "qabilciklər" boş başlarına birdəfəlik yeritsinlər ki, Azərbaycan sarsılmaz və güclü dövlətdir, sizin kimilərin səviyyəsiz oyunları bu qalanı sarsıda bilməz!"
Milli Məclisin deputatı Vasif Qafarov bildirib ki, son dövrlərdə sosial mediada və müxtəlif platformalarda müşahidə olunan bəzi kampaniyalar bir daha göstərir ki, informasiya məkanından sui-istifadə halları hələ də aktual problem olaraq qalır.

"Xüsusilə də xaricdə yaşayan bəzi şəxslərin koordinasiyalı şəkildə qarayaxma xarakterli iddialar yayması, cəmiyyətin diqqətini manipulyasiya etməyə yönəlmiş cəhd kimi qiymətləndirilə bilər.
Bu cür fəaliyyətlərin paralel olaraq müxtəlif kanallar vasitəsilə sosial şəbəkələr, elektron poçt və xarici nömrələr üzərindən yüksəkvəzifəli şəxslərlə əlaqə qurmağa çalışan anonim şəxslərin ortaya çıxması vəziyyətin daha da ciddi olduğunu göstərir.
Belə hallarda iddia edilən kompromat materiallar vasitəsilə təzyiq göstərilməsi və maddi tələb irəli sürülməsi artıq təkcə etik deyil, həm də hüquqi müstəvidə qiymətləndirilməli olan məsələdir".
V.Qafarov qeyd edib ki, informasiya texnologiyalarının geniş imkanları bəzi hallarda məsuliyyətsiz və məqsədli şəkildə istifadə olunduqda, bu, həm fərdlərin nüfuzuna zərbə vurur, həm də ümumi ictimai etimadı sarsıdır.
"Cəmiyyət olaraq bu cür hallara daha tənqidi yanaşmaq, təsdiqlənməmiş məlumatların yayılmasının qarşısını almaq və hüquqi mexanizmlərin işə düşməsini tələb etmək vacibdir. Unutmaq olmaz ki, şantaj, böhtan və dezinformasiya yalnız konkret hədəflərə deyil, bütövlükdə ictimai mühitə zərər vurur. Bu cür qanunsuz və qeyri-etik yollara əl atan şəxslər isə heç vaxt məsuliyyətdən yayına bilmirlər, gec-tez bu əməllər hüquqi qiymətini alır və cəzasız qalmır", - deputat əlavə edib.