BAKI, 18 mart. TELEQRAF
Təəssüf ki, bir müddətdir bəzi qüvvələr məqsədli şəkildə ölkə başçısının ailə üzvləri barədə saxta xəbərlər yayır. Böyük şəbəkə çirkin kampaniya həyata keçirir. Xalqımız hansı oyunların getdiyini çox yaxşı bilir. Artıq bu şəbəkənin üzvləri ifşa olunaraq cinayət məsuliyyətinə cəlb edilib. İnformasiyaların təhlili bir daha göstərdi ki, bu şəxslər feyk məlumatlar yayıblar.
Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı Ceyhun Məmmədov deyib.
Onun sözlərinə görə, bu gün dünyada feyk xəbərlərin sürətlə yayılması tendensiyası müşahidə olunur.
"Davamlı olaraq sosial media platformalarında, ayrı-ayrı saytlarda belə hallarla rastlaşırıq. Prezident İlham Əliyevin ailə üzvləri ilə bağlı da məqsədli şəkildə saxta bilgilərin yayılması bilərəkdən atılan addımdır. Təbii ki, bu, yolverilməzdir. Əsas niyyətləri də Azərbaycan dövlətinin rəhbərinə qarşı təxribatdır. Atılan əməliyyatlarla xarici qüvvələrin rolunun olduğu müəyyənləşdi. O mənada hər kəsin ayıq-sayıq olmasına ciddi ehtiyac var. Doğrudur, xalqımız həmişə olduğu kimi həmrəydir və biz bu birliyimizi qorumalı, bu cür məsələlərdə daha diqqətli olmalıyıq. Onlar bilməlidir ki, bu cür cəhdlərlə Azərbaycanın ictimai şüuruna, insanlarımızın düşüncəsinə heç cür təsir göstərə bilməzlər", - deyə qeyd edib.
C.Məmmədovun fikrincə, bu cür hallara qarşı ciddi tədbirlər görülməlidir: "İndi çox mürəkkəb dövrdür və gələcəyə doğru proseslərin daha da mürəkkəbləşəcəyini görəcəyik. Söhbət feyk xəbərlərin sürətlə yayılması və qarayaxmadan gedir. Birmənalı olaraq bu işi həyata keçirənlərlə bağlı addımlar atılmalıdır. Dövlət Təhlükəsizliyi Xidməti, hüquq-mühafizə orqanları bu istiqamətdə çox ciddi tədbirlər görürlər. Bilirsiniz ki, Milli Məclisdə də süni intellekt vasitəsilə hazırlanan məlumatlarla bağlı qanun müzakirə olunur. Dövlətimiz tərəfindən çox sərt addımlar atılır və bu gündən sonra da atılacaq. Kimlərsə saxta xəbərlərin əhatə dairəsini genişləndirməyə çalışır, ona görə qətiyyətli addımların atılması olduqca önəmlidir".
Qeyd edək ki, Prezidentin ailəsini şantaj edən şəxs ifşa olunaraq, Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb.