BAKI, 14 mart. TELEQRAF

Süni intellektin demokratik proseslərə və insan hüquqlarına təsirini nəzərə alaraq, bu sahədə qanunvericilik bazası ilə yanaşı, şəffaflığın qorunması da mühüm əhəmiyyət kəsb edir.

Teleqraf xəbər verir ki, bu barədə Tanzaniya parlamentinin üzvü, Parlamentlərarası İttifaqın (IPU) prezidenti Tuliya Ekson XIII Qlobal Bakı Forumunda çıxışı zamanı deyib.

T. Ekson bildirib ki, süni intellekt texnologiyaları hazırda əsasən özəl sektorun nəzarətində olsa da, dövlət idarəçiliyinə də nüfuz edib.

Onun sözlərinə görə, parlamentarilərin rolu təkcə qanun hazırlamaq deyil, həm də istehlakçıların maraqlarını qoruyacaq və innovasiyaları təşviq edəcək müvafiq mühit formalaşdırmaqdır.

IPU prezidenti qlobal cənub ölkələrinin bu prosesdə iştirakının məhdud olmasından narahatlığını ifadə edərək, təşkilat tərəfindən qəbul edilmiş xüsusi qətnaməni xatırladıb:

"Biz qəbul etdiyimiz sənədlə mövcud boşluqları, o cümlədən “deepfake” (dipfeyk) effektinin və süni intellektin insan haqlarına mənfi təsirlərini göstəririk. Parlamentlər nəzarət mexanizmlərini elə qurmalıdır ki, hökumətlərlə yanaşı, özəl sektor nümayəndələri də şəffaflıq prosesinə cəlb olunsun, komitə iclaslarında iştirak etsinlər".

Tuliya Ekson vurğulayıb ki, Bakı Forumu müxtəlif ölkələrin qanunvericiləri arasında əməkdaşlığı gücləndirmək üçün əvəzolunmaz məkandır.

O, deputatları öz ölkələrinə qayıtdıqda seçicilərin narahatlıqlarını nəzərə almağa və texnologiyaların təhlükəsiz istifadəsi ilə bağlı aktiv müzakirələr aparmağa çağırıb.