BAKI, 12 mart. TELEQRAF
Müasir dünyada Şimal və Cənub arasındakı parçalanma artmaqda davam edir.
Teleqraf xəbər verir ki, bu barədə 1991–2001-ci illərdə Misirin xarici işlər naziri olmuş Əmir Musa XIII Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.
Sabiq nazirin sözlərinə görə, hazırda qlobal təhlükəsizlik ötən əsrdə supergüclərin müəyyən etdiyi qaydalarla başa düşülür.
O qeyd edib ki, Şimal və Cənub arasındakı qarşıdurma kifayət qədər dərindir və bu ziddiyyətlər hələ də göz önündədir:
"Biz ilk növbədə bir suala cavab verməliyik: bu parçalanma nə məna kəsb edir? Söhbət Çin ilə ABŞ, yaxud Qərb ilə Şərq arasındakı münasibətlərdən gedir? Hesab edirəm ki, yaşadığımız 21-ci əsrdə qlobal təhlükəsizliyin əsl mənası hələ də tam müəyyən edilməyib".
Əmir Musa vurğulayıb ki, qlobal Cənub artıq öz çətinlikləri ilə üzləşərək təhlükəsizliklə bağlı mövqeyini müəyyənləşdirmək üçün addımlar atır.
Onun fikrincə, dünyada formalaşan yeni düzəm supergüclərin tətbiq etdiyi köhnə yanaşmalardan fərqlənməlidir:
"Biz çalışırıq müəyyən edək ki, qlobal təhlükəsizlik dedikdə nəyi nəzərdə tuturuq. Bu sualın cavabı hələ ki açıq qalmaqdadır".