BAKI, 2 aprel. TELEQRAF
İran ətrafındakı vəziyyət dünyanın demək olar ki, bütün sahələrinə mənfi təsir göstərib. Milyonlarla insan yoxsulluq və aclıqdan əziyyət çəkəcək.
Teleqraf xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibi Sergey Şoyqu Misir xarici işlər naziri Bədr Əbdül Atta ilə görüşündə bildirib.
"Əlbəttə ki, Körfəz ölkələrində, ilk növbədə İranda baş verən hadisələr bütün sektorlarda və demək olar ki, bütün dünyada iqtisadiyyata və logistikaya təsir göstərib. Əlbəttə ki, əkin mövsümünün ortasında gübrə çatışmazlığının nəyə gətirib çıxara biləcəyini təsəvvür etmək çətindir. Ərzaq təchizatı zəncirlərinin pozulması və qida çatışmazlığı nəticəsində təkcə Afrikada deyil, həm də Yaxın Şərqdə neçə milyon insan yoxsulluq və aclıqdan əziyyət çəkəcək", - deyə Rusiya Təhlükəsizlik Şurasının katibi qeyd edib.
Şoyqu qeyd edib ki, İran ətrafındakı vəziyyət enerji, ətraf mühit, metallurgiya, miqrasiya axınları, tibb və əczaçılıq da daxil olmaqla bütün sektorlara təsir göstərir: "Moskva və Qahirə daim dialoqdadır və Yaxın Şərqdə gərginliyin artması ilə bağlı bütün məsələləri müzakirə edirlər".