BAKI, 8 dekabr. TELEQRAF
"Ötən il BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı – COP29-un ölkəmizdə uğurla keçirilməsi Azərbaycanın iqlim məsələlərinə yanaşmasında yeni mərhələnin başlandığını göstərdi. COP29-da ölkəmizin təqdim etdiyi Harmoniya təşəbbüsü isə kənd təsərrüfatı sahəsində ölkələrin beynəlxalq öhdəliklərini təkrar xatırlatmaqla yanaşı, bütün proseslərin mərkəzində dayanan fermerlərin dayanıqlı inkişafını əsas götürən yanaşmanı ortaya qoydu".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisin təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin “İqlim dəyişikliyi ilə mübarizədə suni intellektin perspektivləri” mövzusunda keçirilən elmi-praktik konfransda Kənd təsərrüfatı nazirinin müavini İlhamə Qədimova deyib.
O qeyd edib ki, bu təşəbbüs su, torpaq, qida sistemlərinin bir-biri ilə əlaqəli problemlərinə vahid yanaşmanın vacibliyini göstərdi və sübut etdi ki, iqlim çağırışlarının həlli yalnız sektorlararası əməkdaşlıqla və doğru fermerlərlə mümkündür: "Belə ki, kənd təsərrüfatı sahəsində qəbul edilən qərarların mərkəzində fermerlərin təsərrüfatlarında müasir elmi əsaslara söykənən və davamlı istifadəyə yönəlmiş həllər dayanmalıdır. Bu da belə həllərdən biri olan süni intellektin rolunu daha da önə çıxardı.
İqlim dəyişiklikləri son illərdə kənd təsərrüfatına, su ehtiyatlarına və torpaqlarımıza ciddi təsir göstərir. Ona görə də idarəetmə mexanizmlərimizin daha dəqiq, daha operativ və daha məlumat əsaslı olması zərurətə çevrilib. Aqrar sahədə rəqəmsal transformasiya proqramı bu gün məhz buna görə formalaşıb. Bu proqram çərçivəsində artıq 30-dan çox süni intellekt ssenarisi müəyyən edilib və onların bir hissəsi real nəticə verməyə başlayıb. Ssenarilər bitki xəstəliklərinin erkən aşkarlanmasından tutmuş suvarmanın dəqiq planlaşdırılmasına, torpaq xəritələrinin hazırlanmasına və məhsuldarlıq proqnozlarına qədər geniş spektri əhatə edir.
Azərbaycanda aqrar sahənin inkişafına mühüm töhfə verəcək süni intellekt ssenarilərindən bir neçəsini diqqətinizə çatdırmaq istəyirəm.
Hazırlanmış rəqəmsal proqramın bitki sağlamlığı üzrə modeli fermerlərə xəstəlik və zərərverici risklərin əvvəlcədən görmək imkanı yaradır. Bu həm pestisid istifadəsini azaldır, həm də torpaq və su ehtiyatlarına daha az yük salır. Torpaq xəritəsi isə göstərir ki, hansı ərazidə torpağın turşululuq və qələviliyi nə qədərdir, üzvi maddə səviyyəsi necədir və buna uyğun olaraq gübrələmə necə aparılmalıdır. Bu, torpağın uzunmüddətli məhsuldarlığının qorunması üçün olduqca önəmli faktordur".
İlhamə Qədimova bildirib ki, suvarma modeli də mühüm yenilikdir: "Hər bölgənin iqlim şəraitini, torpaq xüsusiyyətlərini və bitki növünü nəzərə alaraq su tələbatını hesablayır. Bu, həm su israfının qarşısını alır, həm də enerji xərclərini azaldır.
Fermer reytinqi modeli isə həm ekoloji davranışı, həm də təsərrüfatın idarəetmə keyfiyyətini qiymətləndirən bir mexanizmdir. Bu, dövlət dəstəklərinin daha düzgün istifadəsini formalaşdırır və fermerləri daha dayanıqlı yanaşmaya təşviq edir”.
Nazir müavini bildirib ki, layihə çərçivəsində hazırlanan bütün xəritə və modullar dəyişən peyk, iqlim və torpaq məlumatları ilə müxtəlif vaxt aralığında (saatlıq, günlük, aylıq) yenilənməklə baş verən hadisələri əvvəlcədən proqnozlaşdırmağa və zamanında qərar verməyə imkan yaradır. Peyk təsvirlərinin, dron çəkilişlərinin, iqlim stansiyalarının göstəriciləri, minlərlə torpaq analizi – bütün bunlar birgə vəhdət təşkil edərək dəqiq nəticə ortaya qoyur.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən işlər ölkədə kənd təsərrüfatı idarəçiliyində keyfiyyətin yüksəlməsi və məhsuldarlığın artmasına yönəlmiş yeni bir modelin formalaşdığını aydın şəkildə göstərir. Artıq biz mövsümi təcrübə ilə deyil, böyük həcmli məlumatlar və proqnozlara əsaslanan qərarlar veririk. Bu da iqlim dəyişikliklərinin təsirlərini azaltmaq üçün ən real və effektiv yoldur”.
Süni intellekt bizim üçün sadəcə texnoloji yenilik deyil. Bu ətraf mühitin qorunması, resurslardan səmərəli istifadə və dayanıqlı kənd təsərrüfatı üçün yeni düşüncə tərzidir. Qarşımızda duran əsas vəzifələrdən biri də bu texnologiyaları daha da genişləndirmək, həm idarəetmədə, həm də sahələrdə tətbiqi daha əlçatan etməkdir”.