BAKI, 8 dekabr. TELEQERAF
Xuliqanlıq və dələduzluqda ittiham olunan hüquq müdafiəçisi Rüfət Səfərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Teleqraf xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrlik etdiyi prosesdə zərərçəkmiş Natiq İmamquliyev ifadə verib.
O bildirib ki, hadisədən əvvəl Rüfət Səfərovun atası Eldar Sabiroğluya torpaq alqı-satqısı ilə bağlı beh verməyə gəlib: "Həmin zaman mən təkiydim, yanımda makler yox idi".
Zərərçəkmiş ifadəsində Rüfət Səfərovla arasında olan dava-dalaşdan danışıb. Bundan sonra o, dövlət ittihamçısı və təqsirləndirilən şəxsin vəkillərinin suallarını cavablandırıb. Prosesdə Rüfət Səfərovla zərərçəkmiş arasında mübahisə yaranıb. Dövlət ittihamçısının təklifi ilə hakim təqsirləndirilən şəxsə xəbərdarlıq edib.
Rüfət Səfərovun vəkili Vəkil Elçin Sadıqov zərərçəkmişdən 2024-cü il iyulun 14-dən noyabrın 7-dək telefon işlətməməsinin səbəbini soruşub. O cavab verib ki, başqa nömrəsi də olduğu üçün həmin nömrəni bir müddət işlətməyib.
Vəkillər Natiq İmamquliyevdən həmin gün 4 saat Rüfət Səfərovun evinin yanında olmasının səbəbini soruşublar. Əvvəlcə zərərçəkmiş bunu etiraf etməyib. Amma anten dairələrindən zərərçəkmiş şəxsin həmin ərazidə olduğunu göstərən sənədlər təqdim edilib.
Bu zaman o bildirib ki, torpağın pulunu verəndən sonra ərazidə olan çayxanada çay içib.
Növbəti proses yanvarın 12-də davam edəcək.
Qeyd edək ki, ötən ilin dekabrın 3-də Natiq İmamquliyev Rüfət Səfərov barəsində Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsinə şikayət edib. Natiq İmamquliyev şikayətində 60 min manatını Rüfət Səfərovun ələ keçirdiyini iddia edib. Rüfət Səfərov isə onu tanımadığını deyib.
Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) 127.2.3-cü (ümumi təhlükəli üsulla və yaxud xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az ağır zərər vurma) və 221.1-ci (xuliqanlıq) maddələri ilə cinayət işi başlanıb.