BAKI, 8 dekabr. TELEQRAF

Nazirlər Kabineti dövlət orqanlarında kadr qurumlarının formalaşdırılması ilə bağlı qaydalara dəyişiklik edib.

Teleqraf xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

Qərar “Dövlət qulluğu ilə bağlı bəzi məsələlərin tənzimlənməsi haqqında” 2004-cü il 28 sentyabr tarixli 142 nömrəli sənədə əlavə olunmaqla qəbul edilib.

Sənəd Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinə, həmçinin Prezidentin 2018-ci il 23 noyabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019−2025-ci illər üçün Strategiya”nın Fəaliyyət Planının icrası çərçivəsində təsdiq olunub.

Yeni dəyişiklik dövlət orqanlarında kadr xidmətlərinin işçi sayına mütənasib şəkildə təşkil olunmasını nəzərdə tutur. Belə ki, işçi sayı 100 nəfərədək olan dövlət qurumlarında kadr məsələləri üzrə maksimum iki ştat vahidinin ayrılması müəyyən edilib. İşçi sayı 101-dən 200 nəfərə qədər olan qurumlarda kadr xidmətinin iki ştat vahidi və ya sektor formasında, işçi sayı 200 nəfəri keçən qurumlarda isə sektor və ya şöbə şəklində təşkil olunması tələbi müəyyənləşdirilib.