BAKI, 8 dekabr. TELEQRAF

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyada hakimiyyət dəyişikliyinin birinci ildönümü ilə bağlı açıqlama verib.

Teleqraf xəbər verir ki, Türkiyə lideri bu barədə sosial media hesabında yazıb.

“İllərlə davam edən zülm rejimi, çox ağır bədəl, böyük ağrı və ən müxtəlif çətinliklərdən sonra suriyalı qardaşlarımızı azadlığına qovuşduran 8 Dekabr İnqilabının birinci ildönümünü ürəkdən təbrik edirəm. Devrilmiş rejim (Bəşər Əsəd – red.) və terror təşkilatlarının hücumlarında şəhid olan qardaşlarımızı rəhmətlə yad edirəm. 8 Dekabr Suriya Azadlıq Günündə qardaş Suriya xalqına Türkiyənin ən səmimi salam və məhəbbətlərini çatdırıram.

Suriyalı qardaşlarımızın son bir ildə bütün çətinliklər, sabotaj cəhdləri və təxribatlara baxmayaraq qət etdikləri yolu məmnuniyyət və təqdirlə qarşılayırıq. Suriyanın ərazi bütövlüyünün qorunması, ölkə daxilində bütün təbəqələri əhatə edən sülhün təmin olunması və bölgəsində sülh və sabitlik mərkəzi kimi önə çıxması üçün lazım olan bütün dəstəyi verməyə davam edəcəyik”, - Prezident Ərdoğan bildirib.