BAKI, 8 dekabr. TELEQRAF
"Məzmun nə olursa-olsun, dərslik nə qədər səmərəli yazılsa da, sonda sinif otağında ən vacib rolu oynayan müəllimdir. Müəllimlərlə bağlı son illərdə keçirilən sertifikatlaşdırmada təxminən 8 minə yaxın müəllimin öz peşəsinə uyğun olmadığını müəyyən edib müqavilələrinə xitam vermişik".
Teleqraf xəbər verir ki, bunu Milli Məclisdə “Azərbaycan dilinin dövlət dili kimi inkişaf strategiyası: Mövcud vəziyyət və perspektivlər” mövzusuna həsr edilən konfransda çıxışı zamanı elm və təhsil naziri Emin Əmrullayev deyib.
O qeyd edib ki, onlardan 5 minə yaxını ibtidai sinif, 1000 nəfərə qədəri isə Azərbaycan dili müəllimləri idi: "Müəllimin özünün səriştəli olmağı minimal zəruri şərtdir. Bünövrə ibtidai təhsildə qoyulur. Düzgün qoyulmadıqda növbəti mərhələlərdə həmin təhsilalanda bacarıqların inkişafı da problemli olur”.