BAKI, 1 dekabr. TELEQRAF

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik:

- Səməd müəllim, Vaşinqtonda Azərbaycanla Ermənistan arasında imzalanmış sülh və regional kommunikasiyalarla sazişdən sonra rəsmi Bakı tərəfindən addımlar atılsa da, İrəvan ancaq bəyanatlar verməklə məşğuldur. Erməni tərəfinin proseslərin irəliyə aparılması və üzərinə düşən vəzifələrin icrası ilə bağlı gözləmə mövqeyi nə ilə bağlıdır?

- Əslində bu reallığın izahı çox asandır. Bir tərəfdə formalaşmış, güclü, qalib, qürurlu, dünyaya özünü sübut etmiş, Avropada, ABŞ-də, Yaxın Şərqdə, Çində qəbul edilən Azərbaycan mövcuddur. Digər tərəfdə isə formalaşmağa cəhd göstərən, hələ ki öz müqəddəratı haqqında normal düşünmək imkanını axıra kimi əldə etməyən, dediyi sözlərin arxasında sona qədər dayanacağı müəmmalı olan və içərisində müxtəlif qüvvələrin baş qaldırdığı, hətta dövlətə qarşı konkret olaraq güc göstərdiyi qüvvələrlə rastlaşan dövlət kimi bir qurum olan Ermənistan mövcuddur. Bu baxımdan Azərbaycan tərəfindən atılan addımlar məntiqli, cəsarətli, gözəçarpan və konkretdir. Bütün bunların fonunda isə qarşı tərəf olan Ermənistan real əməldə heç bir addım atmır, bunun əvəzində ancaq sözdə müəyyən bəyanatlar verir. Sadəcə olaraq, tərəflər arasında vətəndaş cəmiyyətini təmsil edən şəxslərin qarşılıqlı səfərləri həmçinin rəsmi şəxslərin təmasları var. İndiki halda bu da pis göstərici deyil.

- Ermənistanda keçiriləcək seçki öncə yaşanan təlatümlərin sülh prosesinə təsiri haqqında ehtimallar nədən ibarətdir?

- Gələn ilin yayında Ermənistanda parlament seçkiləri keçiriləcək ki, bu da əslində bir çox məsələlərin həlli üçün vacib bir mərhələdir. Bu sınaqdan onlar keçə biləcəksə, nəhayət erməni xalqı iqtidarda olan qüvvələrin Azərbaycanla ciddi, məntiqli əlaqələri qurmaq istiqamətində işlər görmək niyyətini ortaya qoymalıdır. Sözsüz ki, bu halda Ermənistan konstitusiyasından Azərbaycana qarşı ərazi iddialarını ehtiva edən müddəalar da çıxarılacaq, sülhün təminatı və Zəngəzur dəhlizinin (Tramp marşrutu) açılması da mümkün olacaq.

- Rəsmi Bakının sülh istiqamətində atdığı addımları necə xarakterizə etmək olar?

- Azərbaycan tərəfindən sülh istiqamətində sözdə deyil, konkret addımlar atılır. Ermənistana göndərilən ərzaq məhsullarının Azərbaycandan keçidinə verilən icazə, Qəbələdə Azərbaycan və Ermənistan baş nazirlərinin müavinlərinin görüşü, erməni vətəndaş cəmiyyəti təmsilçilərinin ölkəmizə gəlişi sözsüz ki, konkret addımlardır. Bununla da Azərbaycan sülh istiqamətində konkret əməllərlə öz mövqeyini bir daha açıq şəkildə bəyan etmiş olur.

- Bu gün yəni, dekabrın 1-də Azərbaycan və Ermənistanın ATƏT sədrliyinə birgə müraciətindən sonra ATƏT Nazirlər Şurasının 1 sentyabr 2025-ci il tarixində qəbul edilmiş qərarına uyğun olaraq, 30 noyabr 2025-ci il tarixində Minsk Prosesi və onun əlaqədar strukturlarının bağlanması yekunlaşıb. ATƏT- in artıq fiziki olaraq tarixin arxivinə göndərilməsi özündə hansı mesajları ehtiva edir?

- Azərbaycan öz siyasəti, mövqeyi, gücü, Prezident İlham Əliyevin apardığı məntiqli, uzaqgörən ölkəmizin milli maraqlarını tam şəkildə əhatə edən siyasəti ilə artıq konkret olan məsələlər bizə bəxş olunur. ATƏT- in Minsk qrupu, keçmiş Qarabağ münaqişəsi tarixdir. Qarabağın Azərbaycanın ərazisi olması ilə bağlı dünyanın möhürü vuruldu. Dünyanın möhürünün vurulmasında bu reallığı formalaşdıran, güc verən və onu əbədiləşdirilməsində birbaşa siyasəti, ordusu xalqı ilə təsdiq edən Azərbaycan oldu. Minsk qrupu keçmiş münaqişəni sual altına qoymaq istəyirdi. Amma bu sualın üzərindən xətt çəkildi və böyük bir nida işarəsi yazıldı.