BAKI, 7 noyabr. TELEQRAF

"Sahil Babayevdən xahiş edirəm ki, bu məsələlərlə bağlı televiziya vasitəsilə maarifləndirici tədbirlərinizi çoxaldın. Rəqəmləri hardasa biz başa düşə bilərik. Bu sənəd 2 min səhifədən çoxdur, yazıb bizə vermisiz. Biz özümüz bunu tam mənada oxuyub dərk eləməyə çətinlik çəkirik. Bunu siz öz işçiləriniz vasitəsilə insanlara izah edin".

Teleqraf xəbər verir ki, bunu deputat Səyyad Aran Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu, Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə, İnsan hüquqları, Regional məsələlər komitələrinin birgə iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi zaman deyib.

"Camaat deyir ki, 5 manat pensiya artır, filan məhsul qalxıb olub 15 manat. Artırılmamış elə 5 manata alırdım da. Belə sözlərin yayılmamasına şərait yaratmaq olmaz. Xalqla mütləq şəkildə o məsələlər çatdırılmalıdır ki, əsəbiləşməməlidirlər. Gördyünüz işi heç edib çölə atmağa ehtiyac yoxdur", - deputat deyib.

Səyyad Aran deyib ki, ünvanına söz deyəcək nazirlərin heç biri iclasda yoxdur: "Dəyirman bildiyini edir, çax-çax baş ağrıdır. Yenə Milli Məclis, noyabr ayı, yenə büdcə məsələsinin müzakirəsi. Eynilə keçənilki və ondan əvvəlki mənzərələr. Əgər bu dediklərimiz öz ifadəsini tapmayacaqsa, biz bura nəyə yığışırıq?! Özümüzü göstəririk? Quş qoyuruq ki, filan komitələrin iclası oldu? Onsuz da plenar iclasda bu sözlər deyiləcəkdir. Amma bəziləri burada olanda özünə demək laızmdır ki, dərk etsinlər".