BAKI, 1 aprel. TELEQRAF

Almaniyanın ən böyük aviaşirkəti "Lufthansa" İran ətrafındakı münaqişə fonunda yanacaq qiymətlərinin artması səbəbindən 20-40 təyyarənin uçuşlarını müvəqqəti dayandırmağı nəzərdən keçirir.

Teleqraf xəbər verir ki, bu barədə “Handelsblatt” qəzeti yazıb.

Məlumata görə, "Lufthansa"nın baş direktoru Karsten Şpor gözlənilən tələbat azalması fonunda donanmanın bir hissəsinin istismardan çıxarılması ssenarilərinin araşdırılmasını tapşırıb. Ekspertlər 20 və ya hətta 40 təyyarənin uzun müddətə konservasiya edilməsinin nəticələrini qiymətləndirməlidirlər. Bu isə müvafiq olaraq şirkətin təklif etdiyi ümumi sərnişin yerlərinin təxminən 2,5% və 5%-nə bərabərdir.

Qeyd olunur ki, ilk növbədə bu məqsədlə yanacaq sərfiyyatı yüksək olan və yaxın vaxtlarda istismardan çıxarılması planlaşdırılan köhnə laynerlərin seçilməsi nəzərdə tutulur. Marşrut şəbəkəsinə gəldikdə isə, əsasən az gəlir gətirən Avropa istiqamətləri yoxlanılacaq. Şpor bildirib ki, şirkət İran ətrafındakı münaqişənin mümkün nəticələrinə əvvəlcədən hazır olmaq istəyir.

Bildirilir ki, Lufthansa yanacaq ehtiyacının təxminən 80%-ni qiymət dəyişmələrinə qarşı sığortalasa da, qalan hissə üzrə kerosin qiymətlərinin artması şirkət üçün əlavə olaraq təxminən 1,5 milyard avro xərc yarada bilər. Bu isə bilet qiymətlərinin artmasını qaçılmaz edir. Nəticədə isə səyahətə tələbatın azalacağı gözlənilir.