BAKI, 31 mart. TELEQRAF
31 Mart Azərbaycanlıların Soyqırımından 108 il keçir.
Teleqraf xatırladır ki, Mart hadisələri — 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Göyçay, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və Daşnaksütyundan olan erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğın kimi tarixə yazılıb.
Ermənilərin soyqırıma hazırlığı
Erməni daşnak–rus bolşevik qüvvələrinin Azərbaycanlılara qarşı mart qırğınına başlama ərəfəsində menşevik, eser, kadet və daşnaklar bütün qüvvələri ilə onlara kömək göstərdi. Daha doğrusu, Stepan Şaumyanın başçılıq etdiyi Bakı Sovetini müdafiə etdilər. Bakı Sovetinin hərbi-inqilabi komitəsinə rəhbərlik edən erməni Korqanovun yaratdığı "inqilabi" orduya bir nəfər də olsun azərbaycanlı qəbul edilmirdi. Ermənilər isə yeni yaradılan orduya cəlb edilərək ciddi silahlandırılırdılar. Bu faktı erməni müəlliflərinin özləri də etiraf edib.
Azərbaycanlıların qətliamı
Martın 30-da bolşevik –daşnak ordusu hərəkətə keçərək azərbaycanlıları qətlə yetirməyə başlayır. Bolşeviklər tərəfindən martın 31-də bütün mübarizəni öz üzərinə götürən inqilabi müdafiə komitəsi yaradılır . Bu komitənin tərkibinə P. Caparidze, Q. Korqanov, İ. Suxartsev (sol eser), Stepan Şaumyan daxil idilər. Eyni zamanda mart döyüşləri günlərində Bakıda bolşevik dəstəsinin rəisi N. Anançenko, komissarı isə S. Martikyan idi. Azərbaycan əhalisinə qarşı vuruşmada erməni milli hissələrindən istifadə etmək və sağ eserlərin və daşnakların arxasınca gedən rus və erməni fəhlələri Sovet hakimiyyəti tərəfindən mübarizəyə cəlb etmək üçün İnqilabi Müdafiə Komitəsi həmin partiyaların nümayəndələrini də dəvət etmişdilər. Bakıda azərbaycanlılar, erməni daşnak-rus bolşevik silahlı dəstələrinin aktiv fəaliyyətini gördüyündən, özünümüdafiə tədbirləri görməliydi və silaha əl atmağa məcbur idilər. Lakin azərbaycanlıların hərbi təşkilatı və sursatı kifayət qədər deyildi, hətta, demək olar ki, yox dərəcəsində idi. Belə olan halda, təbiidir ki, mübarizədə azərbaycanlıların qalib gəlməsi mümkün deyildi. Bunu yaxşı başa düşən S. Şaumyan və erməni daşnakları Bakı şəhərində qabaqcadan planlaşdırılan və xüsusi hazırlıq görülmüş dəhşətli qırğınlara, qarətlərə başladılar. Bütün faciələr azərbaycanlıların yaşadığı məhəllələrdə baş verirdi. Fövqəladə İstintaq Komissiyasınin sənədində qeyd olunur ki, Erməni Milli Komitəsinin hərbi drujinası adlandırılan Yeqişa Paxlavuninin rəhbərlik etdiyi erməni silahlı dəstəsi müsəlmanların yaşadığı ərazilərə atəş açmağa başladı. Demək olar ki, eyni bir vaxta Levon Saatsazbekovun erməni dəstəsi şəhərin "Şamaxinka" adlanan hissəsini atəşə tutdu. Martın 19-da səhər tezdən, hələ müsəlmanların oyanmadığı bir vaxta, erməni əsgərləri hücuma keçdilər. Ermənilərin birinci hücumu şəhərin "Kərpiçxana", "Məmmədli" və "Zibilli Dərə" adlandırılan hissəsinə istiqamətlənmişdi. Burada yaşayan əhalinin, demək olar ki, hamısı müsəlmanlar idi. Şəhərin bu rayonu və başqa müsəlman rayonları dənizdən "Ərdəhan" və "Janr" hərbi paraxodlarının toplarından atəşə tutulurdu, “Ermənikənd” tərəfdən isə, ermənilər toplardan atəş açırdılar. Erməni hərbi hissələri Sovetlərii və bolşevikləri müdafiə bəhanəsi ilə azərbaycanlılara amansızcasına və qəddarcasına divan tuturdular.
Bakı şəhərində müsəlman əhalisinə qarşı ermənilərin törətdikləri qanlı cinayətlərini açıb göstərən sənədlərdə qeyd olunur ki, yaxşı silahlanmış, təlim keçmişerməni əsgərləri çoxlu miqdarda pulemyotların mühafizəsi ilə hücum edirdilər. Sonralar təkcə bir yerdə torpağın altından 57 müsəlman qadın və qızın meyidi tapılmışdır. Onların qulaqlarını, burunlarını kəsmiş, qarınlarını yırtmışdılar. Fövqəladə İstintaq Komissiyasının sənədlərində həmin hadisələrin şahidlərinin ifadəsinə əsasən, 1918-ci ilin martında, yalnız Bakıda daşnak- bolşeviklər, menşeviklər və başqa partiyalarla birgə 15 mindən çox günahsız müsəlmanın qətlə yetirildiyi göstərilmişdi.
Qətliamın dayandırılması
Ermənilərin dinc müsəlmanları qətlə yetirmələri, yalnız 36-cı Türkistan polkunun tələbindən və dənizçilərin hədələrindən sonra dayandırılmışdı. Dənizçilər tələb etmişdilər ki, əgər ermənilər müsəlmanları öldürməkdən əl çəkməsələr, onda ermənilərin yaşadığı hissələrə toplardan atəş açacaqlar. "Ərdəhan" və "Krasnovodsk" hərbi gəmiləri şəhərin şərq hissəsində yerləşən limanına yaxınlaşdı. Yalnız bundan sonra ermənilər məcbur olub atəşi və qırğınları dayadırmışdılar. Stepan Şaumyanın rəhbərlik etdiyi Bakı Soveti isə qırğını dayandırmaq üçün elə bir ciddi cəhd göstərməmişdi.
Soyqırımın qurbanları
Təxmini hesablamalara görə, Mart soyqırımı zamanı Bakıda 15–20 min, Şamaxıda 7 min, Qubada isə 6 min nəfər öldürülüb.Salyan, Nəvahi, Lənkəran, Kürdəmir və digər ərazilərdə də qırğınlar törədilsə də, öldürülən insanların sayı dəqiq bilinmir.
Soyırıma siyasi qiymət verilməsi
Həmin hadisələrdən uzun illər keçdikdən sonra 1998-ci ilin martında Ulu Öndər Heydər Əliyev tərəfindən imzalanmış sənədlə 31 Mart Azərbaycanlıların Soyqırım Günü kimi elan edilib. 2013-cü ildə isə Prezident İlham Əliyevin qərarı ilə soyqırımda öldürülənlərin xatirəsinə Quba Soyqırımı Memorial Kompleksi yaradılıb.