BAKI, 1 aprel. TELEQRAF
İranın Londondakı səfiri Seyid Əli Musəvi bildirib ki, ABŞ-nin İrana zərbələr endirmək üçün Britaniya hərbi bazalarından istifadə etməsi bu obyektləri cavab hücumları üçün legitim hədəfə çevirə bilər.
Teleqraf xəbər verir ki, bu barədə diplomat “The Times” qəzetinə müsahibəsində danışıb.
Musəvinin sözlərinə görə, bu məsələ İranın özünümüdafiəsi baxımından ciddi şəkildə nəzərdən keçirilir və qərarı ölkənin hərbi strukturları verəcək. O qeyd edib ki, vəziyyət tərəflərin atacağı addımlardan asılı olacaq və bütün variantlar diqqətlə dəyərləndirilir.
Diplomat həmçinin bildirib ki, Tehran ABŞ Prezidenti Donald Tramp administrasiyasına etibar etmir və bu səbəbdən tərəflər arasında dialoqun bərpası çətin görünür. Onun sözlərinə görə, münaqişənin sülh yolu ilə həlli üçün ilk növbədə İran xalqına qarşı yenidən güc tətbiq olunmayacağına dair təminatlar verilməlidir.
Səfir əlavə edib ki, Tehran nüvə proqramı ilə bağlı məsələləri müzakirə etməyə hazırdır və bu sahədə yaranan narahatlıqları aradan qaldırmaq niyyətindədir.