BAKI, 22 oktyabr. TELEQRAF
Son illər ərzində Mərkəzi Bankın da həyata keçirdiyi pul siyasəti ölkədə makroiqtisadi sabitliyin təmin olunması ilə dayanıqlı iqtisadi artımının dəstəklənməsi arasında optimal balans yaratmağa xidmət edib. Makroiqtisadi prosesləri və bank sisteminin izafi likvidliyinin effektiv tənzimləmək imkan verən yeni pul siyasəti çərçivəsi formalaşdırılıb, pul siyasətinin alət arsenalı təkmiləşdirilib və banklararası pul bazarı aktivləşdirilib.
Teleqraf xəbər verir ki, bunu Mərkəzi Bankın idarə heyətinin sədr müavini Əli Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin "Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik" mövzusuna həsr edilən konfransında deyib.
O bildirib ki, xarici mühitdə artan qeyri-müəyyənliklərə baxmayaraq, valyuta bazarı tarazlı olub, bu isə manatın məzənnəsinin sabitliyinə şərait yaradıb:
"Tədiyyə balansının profisitli olması və valyuta ehtiyatlarının artması makroiqtisadi dayanıqlığın daha da möhkəmləndirilməsində mühüm rol oynayıb. Həyata keçilən uğurlu makroiqtisadi siyasət nəticəsində ölkədə iqtisadi aktivlik dəstəklənib, inflyasiya gözləntiləri idarə olunan səviyyədə saxlanıb, ölkəmizin potensial xarici maliyyə və iqtisadi şoklara qarşı dayanıqlılığı əhəmiyyətli dərəcədə artıb.
Son 20 ildə Azərbaycanın strateji valyuta ehtiyatları 38 dəfədən çox artıb, strateji valyuta ehtiyatlarının mövcud səviyyəsi ümumi daxili məhsulun 100%-ni üstələməklə 37 aylıq mal və xidmət idxalını maliyyələşdirməyə kifayət edir. Bu, yalnız sabitliyin göstəricisi deyil, həm də gələcək nəsillərin iqtisadi təhlükəsizliyinə qoyulan etibarlı təminatdır.
Mərkəzi Bankın maliyyə sabitliyi siyasətinin əsas prioritetlərini isə maliyyə bank sisteminin etimadın qorunması və maliyyə sektorunda idarəetmə potensialının və şoklara qarşı dayanıqlığın artılması təşkil edib".