BAKI, 7 sentyabr. TELEQRAF
Prezident İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə bu ölkəyə işgüzar səfəri tarixi əhəmiyyət kəsb edir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Çin Xalq Respublikasında yüksək səviyyədə qarşılanması, Azərbaycana, nümayəndə heyətinə olan münasibət Bakı-Pekin əlaqələrinin yüksək səviyyədə inkişaf etdiyini nümayiş etdirir. Azərbaycan Prezidenti İlham Əliyevlə Çinin Sədri Si Cinpin arasında keçirilən görüşdə olduqca məhsuldar və vacib məsələlərin müzakirəsi fonunda baş tutub.
Bu sözləri Teleqraf-a Respublika Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyev deyib.
Professor bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevi “mənim əziz dostum” deyərək salamlayan Çin Xalq Respublikasının Sədri Si Cinpin ölkələrimiz arasında əlaqələrin xarakterindən bəhs edərək, ölkəmizin başçısına “ŞƏT plyus” formatında Zirvə toplantısında və Çinin xarici hərbi müdaxilə və faşizm üzərində qələbəsinin 80 illiyi münasibətilə keçiriləcək tədbirlərdə, hərbi paradda iştirakına görə minnətdarlığını çatdırıb: “Bu gün Azərbaycan-Çin əlaqələri yüksək səviyyədədir. Ölkələrimiz arasında 30 ildən artıq dövr ərzində uğurlu əməkdaşlıq qurulub. Hazırda Bakı-Pekin əlaqələri strateji tərəfdaşlıq müstəvisindədir. Azərbaycanla Çin arasında ticarət dövriyyəsi, energetika, bərpaolunan enerji, rəqəmsallaşma sahəsində sıx əməkdaşlıq mövcuddur. Ölkəmiz həmçinin “Bir kəmər, bir yol” layihəsinə böyük önəm verir. Bu xüsusda Çin mallarının Azərbaycan ərazisindən daşınması, Trans-Xəzər marşrutu mühüm rola malikdir. Sözsüz ki, ölkəmiz Şanxay Əməkdaşlıq Təşkilatı ilə əməkdaşlığa mühüm önəm verir. Bununla yanaşı Azərbaycanla Ermənistan arasında davamlı sülhün təmin olunması istiqamətində atılan addımlar da liderlərin görüşündə müzakirə olunub. Çin Xalq Respublikasının Azərbaycanın suveren inkişaf modelinin dəstəklədiyi qeyd edilib”.
Deputat qeyd edib ki, Prezident İlham Əliyev də öz növbəsində Çin lideri ilə görüşdə bu ölkəyə dövlət səfərini məmnunluqla xatırlayıb: “Azərbaycanın xarici siyasətdə Çinlə münasibətlərin daha geniş spektorda inkişaf etdirilməsi üçün prioritetləri vurğulanıb. Eyni zamanda ölkəmizin Tayvan, Honkonq və Sincan-Uyğur Muxtar Rayonu məsələlərində Çinin mövqeyini dəstəklədiyini və Tayvanda keçirilmiş seçkiləri pisləyən ilk ölkələrdən biri olduğu qeyd edilib. Bütün bunların fonunda Azərbaycanla Çin arasındakı ticarət, “Bir kəmər, bir yol” layihəsi, Orta Dəhliz və digər kommunikasiya xəttləri ilə daşımalarda əhəmiyyətli dərəcədə artım mövcuddur. Azərbaycanla Çin arasında vizasız gediş-gəlişə dair sənədin qüvvəyə minməsi isə iki ölkə arasında əlaqələrin yeni müstəvidə inkişafından xəbər verir. Azərbaycan “Bir Kəmər, Bir Yol” təşəbbüsünü dəstəkləyən ölkə kimi Çinin Orta Asiya və Avropa bazarlarına çıxışında strateji rola malikdir. Bu istiqamətdə Bakı-Tbilisi-Qars dəmir yolu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı və Ələt Azad İqtisadi Zonası kimi infrastrukturlar da olduqca təsirlidir. Azərbaycan bu mənada tranzit ölkə olaraq Çinin Avropa ilə əlaqələrinin qurulmasında vacib körpu rolundadır. Faktiki olaraq bu gün “Orta Dəhliz” (Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu) vasitəsilə Çin mallarının Azərbaycan üzərindən Avropaya daşınması təmin edilir”.
Eldar Quliyev vurğulayıb ki, Çinin Tiencin şəhərində keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammitində Prezident İlham Əliyevin iştirakı Bakı-Pekin əlaqələrinin xarakterinin göstəricisi kimi də yüksək dəyərləndirilir: “Ölkəmiz ŞƏT ilə əlaqələrə mühüm önəm verir. Çünki bu təşkilatın coğrafi paylaşımına və əhalisinə görə önəmi böyükdür. 2015-ci ildə Ufada keçirilən sammitdə ölkəmizə ŞƏT-də dialoq tərəfdaşı statusu verilib. Bu əslində Azərbaycanın Avrasiyanın geosiyasətində strateji mövqeyinin daha da möhkənlənməsini təsdiq edir. Həmçinin 2016-cı ildə Azərbaycan və ŞƏT arasında imzalanan və əməkdaşlığın hüquqi bazasını möhkəmləndirən memorandum da tarixi xarakterə malikdir. “ŞƏT plyus” formatında keçirilən görüşə 20-dən ölkənin liderləri və 10 beynəlxalq təşkilat rəhbəri təmsil olunub. Prezident İlham Əliyev bundan əvvəl 2022-ci ildə Səmərqənddə və 2024-cü ildə Astanada ŞƏT-in Zirvə toplantılarına dəvət edilmişdi. Bu mənada Çinin Tiencin şəhərində keçirilən ŞƏT-in növbəti Zirvə görüşünün nəticəsi olaraq qəbul edilən Bəyannamənin əhəmiyyəti böyükdür. Azərbaycan ŞƏT-ə üzvlüyünə isə Hindistan tərəfindən blok qoyulması ümumilikdə Şanxay Əməkdaşlıq Təşkilatının prinsiplərinə və Çinə qarşı olan hörmətsizlik idi. Rəsmi Dehli görünür ki, II Qarabağ müharibəsindən sonra Cənubi Qafqazda yaranmış yeni reallığı qəbul etməkdə çətinlik çəkir. Sözsüz ki, Hindistanın Vətən Müharibəsində və ondan sonrakı dövrdə Ermənistana olan hərbi-siyasi dəstəyi bu mənada diqqətdən kənarda qala bilməz. Hər addımda ermənilər üçün dəridən-qabıqdan çıxmağa hazır olan Hindistan görünür Azərbaycana qarşı qərəzli mövqedən əl çəkmək niyyətində deyil. Amma bütün bunlara rəğmən Cənubi Qafqazın qalib və güclü dövləti olan Azərbaycanla münasibətləri korlamaq Hindistanın öz maraqlarına zərbə olacaq. Rəsmi Dehli bu reallığı dərk edib daha adekvat addımlar atmalıdır. Ümumilikdə isə Azərbaycan əməkdaşlıq etdiyi bütün beynəlxalıq təşkilatlarla və ölkələrlə ikitərəfli münasibətlərə hər zaman böyük önəm verib. Şanxay Əməkdaşlıq Təşkilatı ilə Azərbaycan arasında da Hindistan kimi ölkələrin qərəzli mövqe tutmasına baxmayaraq əlaqələr uğurla inkişaf edəcək. Çünki bu təşkilatda Azərbaycanla dost, tərəfdaş və strateji əməkdaşlığa malik ölkələrin sayı çoxdur və onlar hər zaman rəsmi Bakının haqlı mövqeyini müdafiə edirlər”.