BAKI, 9 iyul. TELEQRAF

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Elxan bəy, sabah Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş keçiriləcəyi açıqlanıb. İki ölkə liderlərinin danışıqları ikitərəfli formatda aparılacağı və Azərbaycanla Ermənistan arasında davam edən sülh prosesi çərçivəsində müzakirələrin olacağı bildirilir. Son günlər sülh ətrafında artan müsbət mesajlar fonunda bu görüşdən gözləntilər nədən ibarətdir?

- Sözsüz ki, bir görüşlə sülh sazişinin əldə olunacağını gözləmək çətindir. Amma bir irəliləyişin olacağını proqnozlaşdırmaq olar. Paşinyan da anlamalıdır ki, sülh sazişinin imzalanması üçün Ermənistan konstitusiyasının dəyişdirilməsini yubatmaq olmaz. O gələn ilin üçün tarix göstərsə də, zaman onun əleyhinə işləyir. Faktiki olaraq bu gün Ermənistanda olan qüvvələr birləşib, Paşinyanı devirməyə çalışırlar. Radikal müxalifət, kilsə, revanşistləri, Rusiyaya bağlı iş adamları ona qarşı səfərbər olublar. Belə olan halda onun üçün vaxt daralır. Bu halda Paşinyanın konstitusiya dəyişikliyinə gedib, Azərbaycanla sülh sazişi imzalaması avtomatik olaraq Türkiyə ilə də münasibətlərin normallaşmasına şərait yaradacaq. Təbii ki, bütün bunlar Ermənistan üçün iqtisadi inteqrasiyaya təkan verəcək. Paşinyanın reytinqi bu amillər fonunda bir qədər yüksəlmiş olar.

- Sizcə, hadisələr proqnozlaşdırıldığı kimi olacaqmı?

- Bunu söyləmək çətindir. Hər halda görüş və müzakirələrin olması faydalıdır. Tərəflərin, yəni, Azərbaycan və Ermənistanın heç bir vasitəçiyə ehtiyacı yoxdur. Bunu da müsbət hal kimi qiymətləndirmək olar.

- Paşinyanın Türkiyəyə səfəri, Azərbaycan Prezidenti ilə birbaşa görüş, sülh və Zəngəzur dəhlizi ətrafında artan ritorika nədən xəbər verir?

- Proses bir az ləng getsə də, müsbət istiqamətdə inkişaf edir. Yəni, Paşinyan reallıqları anlayır. Əsas olan budur. Başa düşür ki, Azərbaycanla sülh sazişi vacibdir. O, konstitusiya dəyişikliyinə getməyin, ATƏT-in Minsk Qrupundan imtina etməyin, Azərbaycanla münasibətləri həll etmədən Türkiyə ilə əlaqələrin normalaşmayacağını da anlayır. Prezident Rəcəb Tayyib Ərdoğan da Paşinyanı Türkiyəyə dəvət etdi və ona izah olundu ki, sərhədlərin açılmasını, diplomatik münasibətlərin qurulmasını, iqtisadi əlaqələrin yaranmasını istəyirlərsə, ilk növbədə Azərbaycanla məsələlər həll olunmalıdır. Ona görə də indi əsas iş Paşinyanın üzərindədir ki, bu istiqamətdə addımlar tamaq üçün özündə cəsarət toplasın. Ola bilsin ki, o bir qədər radikal müxalifətdən çəkinir.

- Paşinyanı çəkindirən məqamlar hansılardır?

- Qorxur ki, bu addımları atsa, onu devirə bilərlər. Onsuz da, Ermənistan daxilində olan bütün qüvvələr ona qarşı birləşib. Amma bütün hallarda Azərbaycanla Ermənistan arasında sülh prosesi ətrafında müsbət dinamika var, danışıqlar gedir, komissiyalar fəaliyyətini davam etdirir. Artıq iki ölkə sərhədlərinin müəyyən bir qismi müəyyənləşib.

- Tərəflərin vasitəçi olmadan aparacağı danışıqlarla bağlı ehtimallar necədir?

- Əsas odur ki, Rusiyanın timsalında tərəflərin vasitəçiyə ehtiyacı yoxdur. Bu çox önəmli məsələdir. Sülh sazişinin mətni də razılaşdırılıb. Ona görə də Azərbaycan və Ermənistan liderlərinin görüşü, fikir mübadiləsi aparması bu baxımdan müsbət qiymətləndirilməlidir.

- Ermənistan daxilində hər gün artan gərginliyin bu proseslərə təsiri necə ola bilər? Paşinyan komandasına qarşı artan bu təzyiqlərin nə vaxta qədər davam edəcək?

- Paşinyan heç də oturduğu yerdə bu addımları atmır. O görür və onda kəşfiyyat məlumatları var. Bəkə də qərb ölkələri kəşfiyyat məlumatlarını onunla paylaşır ki, sənə qarşı çevriliş planı var, Rusiya səni devirmək istəyir. Ona görə də kilsəni hərəkətə gətirir. Əlində dəqiq məlumatlar olduğuna görə Paşinyan rəqiblərinə qarşı sərt addımlar atır. Əslində, onun bu strategiyası da doğrudur. Yəni, bu qüvvələri neytrallaşdırmaq lazımdır. Həmin qüvvələr neytrallaşdırılmasa, bölgədə nə sülh olacaq, nə də ki, Ermənistan Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdıra biləcək. Çünki Ermənistanda kilsə, “Qarabağ klanı”, Rusiyaya bağlı iş adamları Azərbaycan və Türkiyə ilə sülhün əleyhinədir.

- Bununla nəyə nail olmaq istəyirlər?

- Onlar istəyirlər ki, Ermənistan qonşuları ilə daima düşmən mövqeyində olsun. Əslində, bu, Ermənistanı uçuruma aparır. Onlar reallıqları qəbul etmək istəmirlər. Reallığı anlayan və qəbul edən Paşinyandır. Ona görə də rəqiblərinə qarşı mübarizəni sərtləşdirib.

- Bu mübarizənin nəticəsi necə olacaq?

- Paşinyan düşünür ki, rəqibləri ilə mübarizəni gücləndirməklə gələn il yay aylarında Ermənistanda keçiriləcək parlament seçkilərinə qədər öz mövqelərini möhkəmləndirə biləcək. Bu qüvvələr isə əksinə olaraq Paşinyanın üzərinə daha çox getməklə seçkilərə qədər onun reytinqinin düşəcəyini gözləyirlər. Bununla da onlar parlament seçkilərində qələbə qazanacaqlarını ehtimal edirlər. Amma susqun erməni cəmiyyətinin radikal müxalifətə dəstək verəcəyini söyləmək çətindir. Cəmiyyətdə az-çox kilsəyə inam qalıb. Kilsəyə qarşı polisin keçirdiyi əməliyyatlara da erməni cəmiyyəti reaksiya vermədi. Hətta iş adamı hazırda həbsdə olan Samvel Karapetyana da erməni cəmiyyətində ciddi dəstək verilmədi. Ötən il isə arxiyepiskop Baqrat Qalstanyan Paşinyana qarşı yola çıxsa da, geniş tərəfdaş toplaya bilmədi. Çünki erməni cəmiyyətinin əksər hissəsi anlayır ki, radikal müxalifət, kilsə, Samvel Karapetyan kimi şəxslərə dəstək versələr və onlar hakimiyyətə gələcək. Bu isə Azərbaycanla yeni bir müharibə deməkdir. Həmin qüvvələr Azərbaycanla sülhün tərəfdarı deyil və Qarabağ mövzusundan əl çəkmək istəmirlər. Ona görə də Paşinyan daxili qüvvələrə qarşı mübarizəni şərtləşdirməklə gələn ilki seçkilərə qədər mövqelərini gücləndirməyə çalışır.