BAKI, 4 iyun. TELEQRAF

Beynəlxalq axtarışda olan şəxs Birləşmiş Ərəb Əmirliklərində tutularaq Azərbaycana ekstradisiya edilib.

Bu barədə Teleqraf-a Ədliyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, nazirlik tərəfindən xarici dövlətlərin aidiyyəti qurumları ilə beynəlxalq axtarışa verilmiş cinayət törədilməsində ittiham olunan şəxslərin tutularaq Azərbaycana gətirilməsi ilə bağlı səmərəli əməkdaşlıq tədbirləri davam etdirilir.

İyunun 4-də İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən daha bir nəfər şəxsin nazirlik tərəfindən ölkəyə ekstradisiyası həyata keçirilib.

Belə ki, bir sıra şəxslərlə əlbir olaraq xuliqanlıq edərək (Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi) ağır xəsarətlər yetirməkdə ittiham edilmiş Azərbaycan vətəndaşı İsgəndərov Fərhad Bəhruz oğlunun yeri Birləşmiş Ərəb Əmirliklərində müəyyən olunaraq həbs edilib.

BƏƏ ilə mövcud olan Ekstradisiya haqqında ikitərəfli müqaviləyə əsasən səlahiyyətli qurum kimi Ədliyyə Nazirliyi tərəfindən müvafiq sorğu və tələb olunan sənədlər qarşı tərəfə təqdim olunmuş, habelə səmərəli danışıqlar aparılmışdır.

Nəticədə həmin şəxsin ölkəyə ekstradisiyası ilə bağlı razılıq əldə olunub.

Fərhad İsgəndərov nazirliyin Beynəlxalq əməkdaşlıq baş idarəsinin və Penitensiar xidmətin məsul əməkdaşları tərəfindən BƏƏ-dən Azərbaycana gətirilib və məhkəmənin həbs qərarına əsasən Bakı İstintaq Təcridxanasına yerləşdirilib.

Nazirlik tərəfindən bu sahədə lazımi tədbirlər davam etdirilir.