BAKI, 29 may. TELEQRAF
Azərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Tofiq müəllim, Laçında üç qardaş ölkənin - Azərbaycan, Türkiyə və Pakistanın birlik nümayiş etdirməsindən narahat olanların reaksiyası gecikmədi. Pakistanın əsas düşməni Hindistanla yanaşı, İran və Ermənistan da öz narahatlıqlarını gizlədə bilməyib. Onların narahatlığna səbəb nədir?
- Buna cavab vermək çox çətindir. Çünki ölkələrin özünün qonşularına dair konsepsiyası var. Bununla əlaqədar olaraq onların arasında olan məsələ Zəngəzur mövzusuna şamil edilir. Bu məsələ ilə bağlı onların ayrı-ayrılıqda “səbəbləri” ola bilər. Əslində, bu məsələyə sadəlöhv yanaşmaq olmaz. Azərbaycanın və müttəfiqlərinin güclənməsi sözsüz ki, bəzi qüvvələri narahat edir. Təbii ki, bu gözlənilən bir faktdır. Buna baxmayaraq, Azərbaycan və müttəfiqləri imkanlarını, nüfuzunu regional və qlobal miqyasda gücləndirməkdə qərarlıdırlar.

- Sözsüz ki, Zəngəzur dəhlizi strateji əhəmiyyətinə görə təsirli layihədir. Bunun fonunda Hindistan İranla birlikdə Ermənistana dəstək verməklə Türkiyə, Azərbaycan və Pakistan üçün hansı çətinliklər yarada bilər?
- Bu gün Hindistan Ermənistanı silahlandırmaq məsələsində İrəvanın ənənəvi təminatçısı olan Rusiyanı da ötüb. Dehli sanki bu məsələyə dair yanaşmasını Pakistan və Çinə qarşı olan siyasətinin bir hissəsi kimi dəyərləndirir. Bunun fonunda onun “narahatlığı” mövcuddur. Hətta İranın bəzi konservativ qüvvələri özləri üçün hansısa “konseptual” əsaslar cızırlar. Guya ki, Azərbaycan dövlətinin iki hissəsi arasında tarixi bağlantı, yəni Naxçıvanla yolun bərpa olunması onlar üçün hansısa təhlükə yaradacaq və s. Buna əsaslanaraq, məntiqə uyğun olmayan fikirlər səsləndirirlər. İddia edirlər ki, onların Avropa ilə əlaqəsi yalnız Ermənistandan keçir. Sual olunur ki, Azərbaycan və Türkiyə sərhədləri İran üçün niyə bu qədər önəmli deyil? Ona görə də səslənən iddialar çox primitivdir. Sadəcə, onlar açıq şəkildə Azərbaycan-Türkiyə-Pakistan birliyindən ciddi narahatlıq keçirirlər. Üç ölkə liderinin eyni mövqedə olmasını onlar özləri üçün təhdid hesab edirlər. Düşünürlər ki, bu birliyə qarşı hansısa addımlar atmaq lazımdır. Reallıqda isə onların daxili problemlərinin çoxluğu ucbatından, onlar bu məsələyə qarşı ciddi müqavimət göstərə bilməzlər.

- Azərbaycanın qurudan Avropaya çıxışını əngəlləmək üçün Hindistan tərəfindən Zəngəzur dəhlizi ilə bağlı Ermənistana hansı xətt üzrə dəstək verə bilər? İranın bu məsələdə təsir imkanları nədən ibarətdir?
- Əslində, Hindistanın və İranın dəhliz məsələsindəki mövqeyi heç bir məntiqlə uzlaşmır. İndi elə bir görüntü yaradırlar ki, guya onlar üçün Avropaya çıxış üçün yeganə yol Ermənistandır. Xəritəni açıb baxsalar görərlər ki, bunun üçün geniş imkanlar var. İrana qarşı tətbiq edilən sanksiyalar fonunda bu ölkədəki mühafizəkar kəsim, ilk növbədə SEPAH bəzi hallarda öz sərhədlərindən geniş şəkildə istifadə edirdi. İndiki halda Ermənistanın İran üçün müstəsna rolu da məhz bundan irəli gəlir. Qeyri-qanuni daşımalar Ermənistan üzərindən həyata keçirilir. Bundan isə bəzi dairələr böyük qazanc əldə ediblər deyə, onlar bu mövzunu davamlı olaraq gündəmə gətirirlər. Çünki İranın dövlət səviyyəsində dəhlizlə bağlı iddiaları tamamilə əsassızdır. Azərbaycan ərazi üzərindən keçən Şimal-Cənub Dəhlizi istənilən istiqamətdə onlar üçün geniş imkanlar yarada bilir. Bu xətt üzərindən öz mallarını rahat şəkildə daşıya bilərlər. Sadəcə, onlar düşünürlər ki, Ermənistan üzərindən həyata keçirilən qeyri-qanuni daşımaları Azərbaycan ərazisindən həyata keçirə bilməyəcəklər. Sözsüz ki, bu məsələdə haqlıdırlar. Ona görə də bu yöndə çox da böyük olmayan qrupların maraqları daha çox önə çəkilir. Gec-tez bu proses öz axarına düşəcək və o qruplar İran daxilində nüfuzlarını itirəcəklər.