BAKI, 16 aprel. TELEQRAF

Fövqəladə Hallar Nazirliyi və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi arasında əlilliyi olan və onlara qulluq edən şəxslərin fövqəladə hadisələrin qarşısının alınması, hazırlıq və nəticələrinin aradan qaldırılması sahəsində hüquqlarının təmin olunmasına dair imzalanmış Birgə Fəaliyyət Planına uyğun olaraq silsilə maarifləndirmə tədbirləri təşkil olunub.

Bu barədə Teleqraf-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, FHN-in Gəncə Regional Mərkəzi tərəfindən 3 saylı Psixonevroloji Sosial Xidmət Müəssisəsində və Muğan Regional Mərkəzi tərəfindən Şirvan Reabilitasiya Mərkəzində “Fövqəladə hallarla bağlı davranış qaydaları” mövzusunda maarifləndirmə tədbirləri keçirilib.

Tədbirlərin əsas məqsədi əlilliyi olan şəxslərə qulluq edənlərdə təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı düzgün davranış vərdişlərinin formalaşdırılması və onların hazırlıq səviyyəsinin yüksəldilməsi olub.

Tədbirlər zamanı fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğın və zəlzələ ilə bağlı zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub.

Mövzular ətrafında geniş müzakirələr aparılıb, iştirakçıları maraqlandıran suallar cavablandırılıb.