BAKI, 15 aprel. TELEQRAF
"Azərbaycan səhiyyə sistemində son illərdə həyata keçirilən ardıcıl və məqsədyönlü islahatlar ölkənin sosial siyasətinin prioritet istiqamətlərindən biri kimi xüsusi əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi ilə formalaşan bu siyasət əhalinin sağlamlığının qorunmasını dövlətin əsas vəzifələrindən biri kimi müəyyənləşdirərək səhiyyə sisteminin daha müasir, çevik və səmərəli əsaslar üzərində qurulmasını təmin edir".
Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı Vasif Qafarov deyib.
O qeyd edib ki, bu prosesdə birinci vitse-prezident Mehriban xanım Əliyevanın xidmətləri xüsusilə qeyd olunmalıdır:
“Onun təşəbbüsləri, humanist yanaşması və səhiyyə sahəsinə göstərdiyi davamlı diqqət nəticəsində ölkədə tibb infrastrukturu köklü şəkildə yenilənib, ən müasir standartlara cavab verən xəstəxanalar və tibb mərkəzləri istifadəyə verilib, regionlarda tibbi xidmətlərin keyfiyyətində ciddi irəliləyişlər əldə olunub. Mehriban xanım Əliyevanın fəaliyyəti nəticəsində səhiyyə sahəsində insan amili ön plana çəkilib, vətəndaşların sağlamlığına yönələn sosial proqramlar geniş vüsət alıb.
Məhz bu güclü təməl üzərində qurulan yeni islahat mərhələsi Prezidentin 19 mart 2026-cı il tarixli Fərmanı ilə daha da dərinləşdirilir. Bu Fərman icbari tibbi sığorta sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə yanaşı, bütövlükdə səhiyyə sistemində keyfiyyətcə yeni mərhələyə keçidi təmin edir. Sənədin əsas mahiyyəti tibbi xidmətlərin daha əlçatan, operativ və keyfiyyətli şəkildə göstərilməsi, vətəndaş məmnunluğunun yüksəldilməsi və sistemin idarə olunmasında effektivliyin artırılmasıdır. Bununla yanaşı, səhiyyə və sosial müdafiə sistemləri arasında səmərəli koordinasiyanın qurulması, maliyyə resurslarının daha şəffaf və məqsədyönlü idarə olunması da əsas prioritetlər kimi müəyyən edilir”.

Deputat bildirib ki, yeni mərhələdə həyata keçirilən institusional dəyişikliklər çərçivəsində icbari tibbi sığorta sahəsində səlahiyyətlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə verilməsi və bu əsasda Dövlət Tibbi Sığorta və Ekspertiza Agentliyinin yaradılması idarəetmədə daha çevik və balanslaşdırılmış modelin formalaşdırılmasına xidmət edir:
“Bu modeldə agentlik sığortaçı və maliyyələşdirici funksiyanı həyata keçirərək tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı rolunda çıxış edir, TƏBİB isə həmin xidmətlərin təminatçısı kimi fəaliyyət göstərir. Belə bir funksional bölgü beynəlxalq təcrübədə özünü doğrultmuş yanaşmadır və idarəetmədə şəffaflığın artırılmasına, məsuliyyətin dəqiq müəyyən olunmasına, resurslardan daha səmərəli istifadəyə geniş imkanlar yaradır.
Səhiyyə və sosial müdafiə sistemlərinin inteqrasiyası isə bu islahatların ən mühüm strateji istiqamətlərindən biri kimi çıxış edir. Nazirliyin Dövlət Sosial Müdafiə Fondu, işsizlikdən sığorta və digər sosial fondların idarə olunmasında topladığı zəngin təcrübənin icbari tibbi sığorta sisteminə tətbiqi idarəetmədə sinerji yaradır. Bu yanaşma funksional təkrarlanmanı aradan qaldırmaqla yanaşı, xidmətlərin göstərilməsində operativliyi artırır, rəqəmsal həllərin tətbiqini genişləndirir və vətəndaşyönümlü xidmət modelinin daha da inkişafına təkan verir. Nəticədə, vətəndaşlar üçün daha şəffaf, sürətli və rahat xidmət mühiti formalaşır.
Yeni islahat mərhələsində TƏBİB-in rolunun gücləndirilməsi də xüsusi əhəmiyyət kəsb edir. Dərman və tibbi vasitələrlə təminat funksiyasının bu quruma verilməsi tibbi xidmətlərin vahid idarəetmə çərçivəsində təşkilinə imkan yaradır, müalicə prosesində fasiləsizliyi təmin edir və xidmətlərin keyfiyyətinə birbaşa müsbət təsir göstərir. Bu yanaşma eyni zamanda qərar qəbuletmə prosesini sürətləndirir, inzibati maneələri azaldır və tibbi xidmətlərin daha operativ şəkildə göstərilməsinə şərait yaradır. TƏBİB-in institusional inkişafı çərçivəsində onun korporativ idarəetmə modelinin təkmilləşdirilməsi, o cümlədən Müşahidə Şurasının yenilənməsi səhiyyə sistemində strateji nəzarətin gücləndirilməsinə, qurumlararası əməkdaşlığın genişlənməsinə və idarəetmədə şəffaflığın artırılmasına xidmət edir”.
Vasif Qafarov hesab edir ki, bütün bu dəyişikliklər nəticə etibarilə səhiyyə sistemində daha dayanıqlı, müasir və vətəndaş mərkəzli idarəetmə modelinin formalaşmasına gətirib çıxarır:
“Tibbi xidmətlərin əlçatanlığı, keyfiyyəti və operativliyi yüksəlir, əhalinin bu xidmətlərdən məmnunluğu artır, icbari tibbi sığorta sisteminə ictimai etimad möhkəmlənir. Eyni zamanda bu islahatlar ölkədə insan kapitalının inkişafına, sosial rifahın yüksəldilməsinə və Azərbaycanın sosial dövlət modelinin daha da gücləndirilməsinə xidmət edir.
Prezident İlham Əliyevin siyasi iradəsi və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın səhiyyə sahəsinə verdiyi əvəzsiz töhfələr nəticəsində Azərbaycan səhiyyə sistemi keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyur və bu istiqamətdə atılan addımlar ölkənin uzunmüddətli sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsi kimi çıxış edir”.