BAKI, 16 aprel. TELEQRAF

Prezident Administrasiyasının Ərazi-təşkilat məsələləri şöbəsinin sabiq sektor müdiri Arif Novruzovun hazırda həbsdə olan kürəkəni Azər Əsgərova məxsus şirkət müsadirə oluna bilər.

Teleqraf-ın əldə etdiyi məlumata görə, bununla bağlı Ali Məhkəmə yeni qərar çıxarıb.

Ali Məhkəmə bundan öncəki instansiya məhkəməsinin şirkətin müsadirə olunmamasına dair qərarını ləğv edib. Nəticədə cinayət işinin bu hissədə yeni apellyasiya baxışı təyin olunub.

Məlum olub ki, Azər Əsgərov qayınatasının vəzifədə olduğu illərdə özünü etibarlı iş adamı kimi təqdim edərək Türkiyə vətəndaşlarına qarşı iki milyon manatdan çox dələduzluq edib. A.Əsgərov daha sonra mənimsədiyi pullardan 1.4 milyon manatı tanışlarına aylıq faiz ödəmək şərtilə borc verib.

Tanışları bir müddət sonra borcu ödəyə bilmədiyi üçün bu pul qarşılığında şirkətdən 50 faizlik pay hüququnu Azər Əsgərovun adına rəsmiləşdiriblər.

Zərərçəkənlərin də kassasiya şikayəti bunun əsasında olub. Onlar bildirib ki, A.Əsgərov mənimsədiyi pullar hesabına şirkətdə pay hüququ qazanıb və buna görə də əmlak müsadirə olunmalıdır.

Qeyd edək ki, Azər Əsgərov 2023-cü ildə 12 il müddətinə azadlıqdan məhrum edilib. Bu hadisələrə görə işdən çıxarılan Arif Novruzov isə 2022-ci ildə dünyasını dəyişib. Arif Novruzov sağlığında kürəkənini həbsdən çıxarmaq üçün özlərini səlahiyyətli şəxs kimi təqdim edən şəxslərə 100 min manat versə də, o da dələduzluğun qurbanı olmuşdu.