BAKI, 27 may. TELEQRAF
Politoloq Fərhad Mehdiyev Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Fərhad bəy, Fransanın iyunun 2-də Qərbi Zəngəzurda konsulluq açacağı deyilir. 2023-cü ildə isə İran burada konsulluq açmışdı. Rusiyanın da Qərbi Zəngəzurda konsulluq açmaq niyyəti var, amma hələ ki, İrəvan bu prosesi ləngitməyə çalışır. Bölgədə bu qədər artan marağı Zəngəzur dəhlizi və açılacaq yola nəzarətlə əlaqələndirirlər. Bunun başqa tərəflərini necə izah etmək olar? Kiçik bir ərazidə bu qədər konsulluq xidməti nəyə xidmət edir?
- İranın və Fransanın Qərbi Zəngəzurda konsulluq açması heç də birmənalı deyil. Eyni zamanda Ermənistanın Zəngəzur dəhlizinin keçdiyi əraziyə ABŞ-nin da öz hərbi kontigentini gətirməsi ilə bağlı şübhələr var. Amerika səfirliyinin şəxsi heyəti adı altında bölgəyə yerləşdirilənlərin əksəriyyətinin hərbi kontigent olması ehtimalı böyükdür. Bütün bunlar isə Ermənistanın mümkün sərhəd dəyişikliyindən artan qorxusu ilə izah olunur. Bu məlumatları da onlara verən Qərb dairələridir. Ona görə də bu növbəti manipuliyasiya cəhdləridir. Məhz bu bəhanədən istifadə edib erməniləri inandırırlar ki, “bizim hərbi kontigentimiz orada olsa, bu sizin təhülkəsizliyinizin təmin edilməsinə xidmət edəcək”. Eyni zamanda bölgədə konsulluğun açılmasının da bu məqsədlərə xidmət edəcəyini əsaslandırmağa çalışırlar. İrəvanın Beynəlxalq Cinayət Məcəlləsinin statusunu ratifikasiya etməsi də bununla bağlı idi. Amma yaxın gələcəkdə bunun nə qədər effektiv olacağı ilə bağlı da dəqiq proqnozlar yoxdur.

- İranın niyyəti Zəngəzur dəhlizin açılmasına mane olmaqdırsa, digər dövlətlərin məqsədləri nədir?
- Əslində, Fransanın Qərbi Zəngəzurda konsulluq açması Zəngəzur dəhlizinə maneə yaradır. Azərbaycan haqlı olaraq bu dəhlizin açılmasını istəyir. Bu 10 noyabr 2020-ci ildə imzalanmış (Azərbaycan, Rusiya, Ermənistan) üçtərəfli Bəyanatın 9-cu bəndində öz əksini tapıb. Eyni zamanda söhbət Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında qurulacaq bağdan gedir. İki Azərbaycan arasında beynəlxalq hüquqa əsaslanan maneəsiz keçid yaradılması təmin edilməlidir. Burada konsulluğun açılması isə Ermənistanın tarixdən gələn haqsız mövqeyini gücləndiməyə hesablanıb. Keçmiş sovet dövründə Qərbi Zəngəzur Ermənistana güzəştə gedilib. Azərbaycanlı əhalinin orada çoxluq təşkil etməsinə baxmayaraq onların mövqeyi nəzərə alınmayıb. Ona görə də Zəngəzur dəhlizinin açılması ilə Ermənistan tarixi Azərbaycan torpaqları üzərində öz legitimliyini tanıtmağa nail olur. Dəhliz açılsa da onun böyük hissəsi yəni, Qərbi Zəngəzur Ermənistanın nəzarətində qalır. Azərbaycan tərəfi də haqlı olaraq bu məsələdə məhz tarixi kontekstdən məsələyə yanaşmaqda tam haqlıdır. Faktiki olaraq o ərazilərin Ermənistana verilməsi Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün pozulması ilə həyata keçirilib. 1918-ci ildə Azərbaycan Xalq Cumhuriyyəti yaradıldıqda və sonradan paris sülh konfransı tərəfindən onun de-fakto və de-yure tanınması fonunda Zəngəzur bütövlükdə Azərbaycanın tərkibində idi. Ümumiyyətlə, Zəngəzurla bağlı siyasət kifayət qədər mürəkkəbdir. Çünki burada Rusiya, Fransa və İranın ayrılıqda fərqli məqsəd və vasitələri var. ABŞ isə hələ ki, burada öz siyasətini tam müəyyənləşdirməyib. Bütün bunların fonunda rəsmi Bakının istəyi bəllidir, iki Azərbaycan arasında əlaqə yaradılmalıdır.

- Qarabağda fəalliyətinə son qoyulmuş qondarma rejimin yenidən Ermənistanda dirçəldilməsi ilə bağlı fikirlər səslənir. İndiki halda bu məsələnin gündəmə gətirilməsində məqsəd nədir? Dünənə qədər baş nazir Nikol Paşinyan Ermənistanda belə “qurumun” olmayacağında danışırdı. Bu gün isə separatçıların tör-töküntülərinin aktivləşməsinə göz yumur...
- Siyasət özü müxtəlif qruplar arasında balans qurmaq məsələsidir. Paşinyan əslində indi bu cür “qruplardan” istifadə etməyə çalışır. Bununla Azərbaycanın tələblərinə qarşı dirəniş göstərəcəyini düşünür. Onun elektoratı arasında erməni şovinistləri kifayət qədər çoxdur. Baş nazir də onları itirmək istəmədiyi üçün kəskin mövqe sərgiləmir. Hakimiyyətdə qalmaq üçün belə oyunlar arasında mümkün qədər üzməyə çalışır. Albaniyadakı forumda isə Paşinyan Azərbaycan və Türkiyə Prezidentləri ilə səmimi görünməklə balans yaratmaq niyyətində olduğu göstərib. Daxildə isə o fərqli oyunlara maneə olmur.