BAKI, 2 iyun. TELEQRAF

Azərbaycanda bir sıra dövlət qurumlarına məxsus binalarda enerji səmərəliliyinin artırılması üzrə yeni layihələrin həyata keçirilməsi planlaşdırılır.

Teleqraf xəbər verir ki, bu barədə energetika nazirinin müavini Elnur Soltanov Bakı Enerji Həftəsi çərçivəsində təşkil olunan "Enerji səmərəliliyi və ESCO investisiya platforması: Qlobal ESCO təcrübəsinin Azərbaycanın iri enerji istehlakçıları ilə əlaqələndirilməsi" adlı iclasda deyib.

Onun sözlərinə görə, bu istiqamətdə əsas əməkdaşlıq tərəfləri Təhsil Nazirliyi və Səhiyyə Nazirliyi kimi böyük ictimai qurumlardır:

“Həmin qurumların balansında minlərlə, hətta on minlərlə bina mövcuddur ki, onların bir qismi sovet dövründən qalma və enerji baxımından səmərəsiz infrastrukturla fəaliyyət göstərir.

Mövcud texniki və institusional maneələrin bir hissəsi artıq aradan qaldırmışıq və yaxın zamanda yeni mərhələyə keçid mümkün olacaq.

Enerji effektivliyi fondu çərçivəsində yaxın həftələrdə EPC (Energy Performance Contracting – enerji performans müqavilələri) operatorlarının seçilməsi prosesinə başlanılacaq.

Bu çərçivədə Azərbaycanda yüzlərlə dövlət binasında enerji səmərəliliyi layihələrinin həyata keçirilməsi nəzərdə tutulur.

Soltanov EPC modelinin tətbiqinin genişlənəcəyini vurğulayaraq bu sahədə fəaliyyət göstərən şirkətləri prosesə fəal qoşulmağa çağırıb:

“Yaxın həftələrdə bu istiqamətdə daha konkret addımlar görəcəksiniz. Bizə aktiv şəkildə qoşulun və prosesi diqqətlə izləyin, çünki dövlət binalarında böyük həcmdə EPC layihələrinə ehtiyac olacaq,” – deyə o qeyd edib.