BAKI, 30 may. TELEQRAF

Müstəqil Azərbaycanın inkişaf tarixində Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü siyasət ölkəmizin hərtərəfli tərəqqisini təmin etmiş, Azərbaycanı regionun lider dövlətlərindən birinə çevirmişdir. Son illər ərzində iqtisadi, siyasi, sosial, hərbi və humanitar sahələrdə əldə olunan mühüm nailiyyətlər dövlətimizin gücünü və beynəlxalq nüfuzunu daha da artırmışdır. Uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan etibarlı tərəfdaş, mühüm təşəbbüslərin müəllifi və beynəlxalq əməkdaşlığın fəal iştirakçısı kimi dünya birliyində öz mövqeyini möhkəmləndirmişdir.

Bu sözləri Teleqraf-a Milli Məclisin komitə sədri, professor Hicran Hüseynova deyib.

O qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə genişmiqyaslı islahatlar həyata keçirilmiş, iqtisadiyyatın şaxələndirilməsi istiqamətində mühüm addımlar atılmışdır:

“Enerji təhlükəsizliyinin təmin olunmasına yönəlmiş strateji layihələr, xüsusilə beynəlxalq enerji və nəqliyyat dəhlizlərinin reallaşdırılması Azərbaycanın geosiyasi əhəmiyyətini artırmışdır. Eyni zamanda qeyri-neft sektorunun inkişafı, sahibkarlığın dəstəklənməsi, rəqəmsal transformasiya, infrastrukturun müasirləşdirilməsi və sosial proqramların genişləndirilməsi ölkənin dayanıqlı inkişafına mühüm töhfə vermişdir.

Azərbaycanın müasir tarixinin ən parlaq səhifələrindən biri ölkənin ərazi bütövlüyünün və dövlət suverenliyinin tam bərpa olunmasıdır. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış tarixi Zəfər nəticəsində ölkəmizin ərazi bütövlüyü təmin edilmiş, işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa və yenidənqurma işlərinə başlanılmışdır. Bu ərazilərdə həyata keçirilən müasir şəhərsalma layihələri, “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyaları Azərbaycanın innovativ inkişaf modelinin və gələcəyə yönəlmiş dövlət siyasətinin təzahürüdür.

Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu xarici siyasət kursu Azərbaycanın beynəlxalq münasibətlər sistemində rolunu əhəmiyyətli dərəcədə gücləndirmişdir. Azərbaycan bu gün regional və qlobal miqyasda sülhün, təhlükəsizliyin, əməkdaşlığın və davamlı inkişafın təşviqinə töhfə verən ölkə kimi tanınır. Dövlətimizin beynəlxalq təşkilatlarda fəal fəaliyyəti, müxtəlif qlobal təşəbbüslərin dəstəklənməsi və çoxtərəfli əməkdaşlığa verdiyi töhfələr dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilir”.

Professor hesab edir ki, Azərbaycanın artan beynəlxalq nüfuzunun mühüm göstəricilərindən biri də mötəbər beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsidir:

“Bakı şəhərində keçirilən Birinci Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 Azərbaycan Qran-Prisi, Qoşulmama Hərəkatının Zirvə Görüşü, Beynəlxalq Humanitar Forum və digər nüfuzlu tədbirlər ölkəmizin yüksək təşkilatçılıq imkanlarını nümayiş etdirmişdir. Bu tədbirlər Azərbaycanın müasir infrastruktura, təhlükəsiz və sabit mühitə malik dövlət olduğunu bir daha sübut etmişdir.

Azərbaycanın beynəlxalq nüfuzunun daha bir mühüm göstəricisi Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyasının – COP29-un Bakıda keçirilməsi olmuşdur. Dünyanın ən nüfuzlu iqlim platformalarından biri hesab edilən bu tədbirin Azərbaycana həvalə edilməsi beynəlxalq ictimaiyyətin ölkəmizə olan yüksək etimadının bariz nümunəsidir. COP29 çərçivəsində qlobal iqlim dəyişiklikləri ilə mübarizə, yaşıl enerji keçidi, dayanıqlı inkişaf və ekoloji təhlükəsizlik məsələləri müzakirə edilmiş, Azərbaycan isə inkişaf etməkdə olan və inkişaf etmiş ölkələr arasında konstruktiv dialoqun təşviqində mühüm rol oynamışdır. Bu tədbir ölkəmizin yaşıl enerji strategiyasını və ekoloji məsələlərə məsuliyyətli yanaşmasını beynəlxalq səviyyədə nümayiş etdirmişdir.

Eyni zamanda Azərbaycanın beynəlxalq tədbirlərin təşkili sahəsində qazandığı uğurlar ölkəmizin Birləşmiş Millətlər Təşkilatının İnsan Məskənləri Proqramının (UN-Habitat) ən mötəbər platformalarından biri olan Dünya Şəhərsalma Forumu (World Urban Forum – WUF) kimi qlobal tədbirlərə ev sahibliyi etməyə layiq görülməsində də öz əksini tapmışdır. Dünya şəhərsalma siyasəti, dayanıqlı urbanizasiya, innovativ şəhər idarəetməsi və gələcəyin şəhərlərinin qurulması kimi mühüm məsələlərin müzakirə olunduğu bu forumun Azərbaycanda keçirilməsi ölkəmizin şəhərsalma, infrastruktur və dayanıqlı inkişaf sahəsində əldə etdiyi nailiyyətlərə verilən yüksək beynəlxalq qiymətin göstəricisidir. Forum çərçivəsində dünyanın müxtəlif ölkələrindən dövlət rəsmiləri, ekspertlər, alimlər və beynəlxalq təşkilatların nümayəndələri bir araya gələrək urbanizasiya sahəsində mövcud çağırışları və perspektivləri müzakirə edəcəklər”.

Komit sədri bildirib ki, Azərbaycanın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi təkcə ölkənin təşkilati imkanlarını nümayiş etdirmir, eyni zamanda onun iqtisadi potensialının, müasir infrastrukturunun, təhlükəsizliyinin və qlobal əməkdaşlığa verdiyi töhfələrin göstəricisidir:

“Bu cür tədbirlər ölkəmizin beynəlxalq imicinin güclənməsinə, turizm sektorunun inkişafına, xarici investisiyaların cəlb edilməsinə və Azərbaycanın dünya miqyasında tanınmasına mühüm təsir göstərir. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan davamlı inkişaf, modernləşmə və beynəlxalq əməkdaşlıq yolunda inamla irəliləyir. Dövlət başçısının uzaqgörən siyasəti nəticəsində ölkəmiz regional liderlik mövqeyini daha da möhkəmləndirir, qlobal əhəmiyyətli təşəbbüslərin fəal iştirakçısı kimi çıxış edir və beynəlxalq nüfuzunu davamlı şəkildə artırır. Azərbaycanın əldə etdiyi nailiyyətlər və qazandığı uğurlar ölkəmizin parlaq gələcəyinin, güclü dövlətçilik ənənələrinin və xalqımızın rifahının təmin olunmasına xidmət edir”.