BAKI, 27 may. TELEQRAF

Fransada qızların məktəb, lisey və universitetlərə çadra örtməsini qadağan edən qanun islamofobiyanın bariz nümunəsidir.

Teleqraf xəbər verir ki, bunu fransalı nümayəndə – Strasburq Ulu Məscidinin prezidenti Said Aalla "Avropada anti-müsəlman qanunvericiliyin institutlaşdırılması. Radikallaşma fonunda islamofob ritorika" mövzusunda keçirilən panel müzakirəsində çıxışı zamanı deyib.

O qeyd edib ki, islamofobiya əvvəlcə sağçı partiyaların ideologiyası idi, indi isə mutasiyaya uğrayıb və tək Fransada yox, bütün dünyada, bütün sahələrə yayılıb.

"İslamofobiya artıq böyük auditoriyasi olan media orqanlarının, siyasətin ritorikasına daxil olub. Müsəlmanlar harada nə hərəkət etsə, şübhəli kimi davranılır. Fransada müsəlmanları etiketləyirlər. Məktəblərdə çadraya qarşı cərimələr tətbiq edilir. Məktəb və liseylərdə qızların çadra örtməsi qadağan edilib. Məscidlər ciddi nəzarətə götürülüb, bəzi ictimai birliklər ləğv edilib və bunu "respublikaçılıq" ideologiyası adı altında edirlər.

11 sentyabr hadisələrindən sonra Fransada antimüsəlman nitqlər, ayrıseçkilik artıb, müsəlmanlara qarşı obsessiv yanaşmalar sərgilənir".

Qeyd edək ki, “İslamofobiya diqqət mərkəzində: Qərəzin ifşası, stiqmaların dağıdılması” mövzusunda beynəlxalq elmi konfrans Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və Bakı Təşəbbüs Qrupunun birgə təşkilatçılığı ilə Beynəlxalq Mübarizə Gününün 3-cü ildönümünə həsr olunub.