
BAKI, 20 may. TELEQRAF
Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyəti Türkiyədə səfərdədir.
Teleqraf xəbər verir ki, bu barədər Türkiyə Böyük Millət Məclisi (TBMM) məlumat yayıb.
Səfər çərçivəsində Türkiyə Böyük Millət Məclisinin sədri Numan Kurtulmuş Ədalət Vəliyevin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.
TBMM sədri görüşdə Şuşa Bəyannaməsi ilə müttəfiqlik səviyyəsinə yüksələn Türkiyə ilə Azərbaycan arasında ikitərəfli münasibətləri və əməkdaşlığı daha da inkişaf etdirmək istədiklərini bildirib və parlament diplomatiyasının bütün sahələrdə əlaqələrin möhkəmlənməsində xüsusi əhəmiyyət kəsb etdiyinə inandıqlarını vurğulayıb.
Numan Kurtulmuş həmçinin parlamentlərarası əməkdaşlıq mexanizmlərinin inkişafına xüsusi önəm verdiklərini də qeyd edib.
Görüşdə həmçinin Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Milli Məclisin deputatı, akademik Əhliman Əmiraslanov, Qərbi Azərbaycan İcmasının rəhbəri, Milli Məclisin deputatı Əziz Ələkbərli və digər deputatlar iştirak edib.