BAKI, 12 noyabr. TELEQRAF

12 noyabr 1995-ci ildə ümumxalq səsverməsi ilə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçilik tariximizin ən mühüm siyasi və hüquqi nailiyyətlərindəndir. Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə hazırlanmış Əsas Qanunumuz xalqımızın müstəqil, suveren və qüdrətli dövlət qurmaq iradəsinin hüquqi ifadəsi olmaqla Azərbaycanın gələcək inkişafının fundamental əsaslarını müəyyənləşdirmişdir.

Bu sözləri Teleqraf-a Milli Məclisin deputatı, Ana Vətən Partiyasının sədri Günay Ağamalı deyib.

O qeyd edib ki, konstitusiyanın tarixi əhəmiyyəti, ilk növbədə, onun qəbul edildiyi dövrün mürəkkəb siyasi reallıqları ilə bağlıdır:
“Dövlət müstəqilliyimizin ciddi sınaqlarla üzləşdiyi, ölkədə siyasi sabitliyin və dövlət institutlarının möhkəmləndirilməsinə böyük ehtiyac duyulduğu bir şəraitdə Ulu Öndər Heydər Əliyev Azərbaycanın uzunmüddətli inkişafına xidmət edən mükəmməl hüquqi dövlətçilik modelinin əsasını qoydu. Konstitusiyanın qəbul edilməsi müstəqil Azərbaycanın gələcəyini müəyyənləşdirən, dövlət idarəçiliyində qanunun aliliyini təsbit edən və demokratik inkişaf üçün etibarlı hüquqi zəmin yaradan tarixi hadisə oldu.

Əsas Qanunumuzun başlıca üstünlüklərindən biri insan və vətəndaş hüquqlarının, azadlıqlarının ali dəyər kimi müəyyən edilməsidir. Hakimiyyət bölgüsü prinsipinin təsbit olunması, dövlət hakimiyyəti orqanlarının səlahiyyətlərinin müəyyənləşdirilməsi, vətəndaşların qanun qarşısında bərabərliyinin təmin edilməsi hüquqi dövlət quruculuğunun əsas istiqamətlərini formalaşdırdı. Konstitusiya dövlətin idarəçilik sistemini tənzimləyən hüquqi əsas, cəmiyyətin sabitliyini, vətəndaş həmrəyliyini və milli maraqların qorunmasını təmin edən ali dövlətçilik təminatıdır.

Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyi qarşısındakı tarixi xidmətlərindən biri də milli kimliyimizin əsas sütunlarından olan Azərbaycan dilinin dövlət dili kimi konstitusion statusunun qorunmasıdır. Hələ 1978-ci ildə qəbul edilmiş Azərbaycan SSR Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi təsbit olunması Ulu Öndərin milli maraqlara sədaqətinin və uzaqgörən dövlətçilik düşüncəsinin mühüm təzahürü idi. Müstəqillik dövründə qəbul edilən Konstitusiya milli dövlətçilik ənənələrimizi müasir hüquqi prinsiplərlə birləşdirərək Azərbaycanın suveren inkişaf yolunu müəyyənləşdirdi”.

Deputat bildirib ki, ötən illər ərzində ölkəmizdə həyata keçirilən konstitusion islahatlar dövlət idarəçiliyinin təkmilləşdirilməsinə, hüquq sisteminin müasirləşdirilməsinə və vətəndaşların hüquqi təminatlarının gücləndirilməsinə xidmət etdi:

“2002, 2009 və 2016-cı illərdə keçirilmiş referendumlar nəticəsində əsas qanuna edilən dəyişikliklər dövlətin inkişafının yeni mərhələlərindən irəli gələn hüquqi və institusional yenilikləri özündə əks etdirdi.

Azərbaycan Konstitusiyasının əhəmiyyəti ölkəmizin yaratdığı yeni tarixi reallıqlar fonunda daha aydın görünür. Möhtərəm Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə 2020-ci ildə Vətən müharibəsində qazanılmış şanlı Zəfər və 2023-cü ilin sentyabrında həyata keçirilmiş antiterror əməliyyatları nəticəsində Azərbaycanın ərazi bütövlüyü və dövlət suverenliyi tam bərpa edildi. Bununla da Konstitusiyamızın hüquqi qüvvəsi ölkəmizin bütün ərazilərində təmin olundu, dövlətimizin konstitusion quruluşunun bütövlüyü bərqərar edildi.

Tarixi nailiyyət Prezident İlham Əliyevin qətiyyətli liderliyinin, müstəqil Azərbaycan dövlətinin siyasi iradəsinin, hərbi qüdrətinin və xalqımızın sarsılmaz milli birliyinin təntənəsidir. Xalqımız bir daha sübut etdi ki, dövlət müstəqilliyi, ərazi bütövlüyü və suverenlik heç bir güzəştə yol verilməyən ali milli dəyərlərdir”.

Günay Ağamalı vurğulayıb ki, dövlət başçımız cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci ilin ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilməsi xüsusi siyasi və tarixi məna daşıyır:

“Sözügedən qərar Konstitusiyanın qəbul edilməsinin 30 illiyi ilə dövlət suverenliyimizin tam bərpası arasında mövcud olan tarixi bağlılığı ifadə edir və milli dövlətçilik dəyərlərimizin qorunmasına verilən yüksək önəmin göstəricisidir.

Azərbaycan milli maraqlarını qətiyyətlə müdafiə edən, müstəqil siyasi iradəyə malik, beynəlxalq münasibətlər sistemində mövqeyini ardıcıl möhkəmləndirən qalib dövlətdir. Dövlətimizin əldə etdiyi nailiyyətlərin davamlılığı, hüquqi institutların inkişafı, vətəndaşların rifahının yüksəldilməsi və gələcək nəsillərə qüdrətli Azərbaycanın miras qoyulması Konstitusiyamızda təsbit edilmiş ali prinsiplərə sədaqətlə bağlıdır”.