BAKI, 5 may. TELEQRAF

Rusiya ilə Azərbaycan arasında Bakıda fəaliyyətini dayandırmış Rus Evinin yenidən açılması ilə bağlı müzakirələr aparılır.

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Azərbaycandakı səfiri Mixail Evdokimov bildirib.

Səfir bildirib ki, Rus Evi Azərbaycan hökumətinin tələbi ilə fəaliyyətini dayandırıb. Lakin hazırda bu məsələ ilə bağlı Rusiya və Azərbaycan arasında müsbət bir dialoq başlayıb. Həmçinin "Sputnik Azərbaycan" agentliyinin fəaliyyəti ilə bağlı da danışıqlar gedir.

Evdokimovun sözlərinə görə, Rusiya tərəfi hər iki məsələ üzrə qarşılıqlı razılaşma yolu ilə bir həll tapılacağına ümid edir.