Bakı, 9 aprel. TELEQRAF

Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclasının vaxtı müəyyənləşib. Növbəti toplantı aprelin sonlarına nəzərdə tutulub.

Bunu Teleqraf-a açıqlamasında komissiyanın üzvü, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bildirib.

O deyib ki, indiyədək kifayət qədər müraciətlərə baxılıb, müəyyən şəxslərin əfv olunması, həmçinin həbs müddətinin azaldılması barədə qərarlar qəbul edilib.

Komissiya üzvü kimlərin əfvə düşəcəyi ilə bağlı suala belə cavab verib: “Adlar və dəqiq say Prezident tərəfindən əfv sərəncamı imzalananda məlum olacaq”.

Qeyd edək ki, komissiyanın bugünkü iclasında 100-dən çox müraciətə baxılıb. Ümumilikdə, Əfv Məsələləri Komissiyasının 2025-ci üzrə beş iclası olub və 600-dən çox müraciətə baxılıb.

Xatırladaq ki, komissiyanın iclasları mühüm tarixi günlər münasibətilə nəzərdə tutulan əfvlə bağlı keçirilir.