BAKI, 21 mart. TELEQRAF

"Gürcüstan və Azərbaycan Respublikası arasında mövcud olan əlaqələrin səviyyəsini yüksək qiymətləndirirəm. Bu əlaqələr xalqlarımız arasında mövcud olan ənənəvi səmimi və mehriban qonşuluq münasibətlərinin təzahürüdür".

Teleqraf xəbər verir ki, bu sözlər Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Novruz bayramı münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə ünvanladığı təbrik məktubunda yer alıb.

Hökumət başçısı vurğulayıb ki, ümumi regional maraqlarla şərtlənən, iki ölkə arasındakı müxtəlif sahələrdə səmərəli və çoxtərəfli əməkdaşlıq nümunəvidir və xalqlarımızın rifahı və inkişafı üçün möhkəm zəmin yaradır.

Məktubda qeyd olunub ki, Novruz bayramı yeni həyat, birlik, rifah rəmzidir və ölkələrimiz arasında dostluq münasibətləri kontekstində əhəmiyyət kəsb edir: "Sizə və Azərbaycan xalqına sülh, əmin-amanlıq, rifah arzulayır və ən xoş arzularımı çatdırıram. Əminəm ki, mövcud əməkdaşlığımız birgə səylərimizlə daha da möhkəmlənəcək. Qlobal çağırışlar fonunda regionda sülh və sabitliyin qorunub saxlanılması üçün bizim əməkdaşlığımızın olduqca böyük əhəmiyyət kəsb etdiyini bir daha vurğulamaq istərdim".