
BAKI, 21 mart. TELEQRAF
Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Prezidenti İlham Əliyevə Novruz bayramı münasibətilə təbrik məktubu göndərib.
Teleqraf xəbər verir ki, məktubda deyilir:
"Dəyərli qardaşım! Baharın oyanışı və yenilənməsi bayramı - Novruz bayramı münasibətilə Sizə və bütün Azərbaycan xalqına səmimi təbriklərimi və ən xoş arzularımı çatdırmaqdan böyük məmnunluq duyuram. Qardaş xalqlarımız əsrlər boyu bu bənzərsiz bayramı qarşılıqlı mərhəmət və qayğı, xeyirxahlıq, birlik və dostluq kimi ali dəyərləri tərənnüm edən, insanı daim təbiətlə ahəngdar şəkildə yaşamağa səsləyən mübarək bayram kimi geniş qeyd edir və dəyərləndirirlər.Son illərdə birgə səylərimiz nəticəsində ikitərəfli münasibətlərimizin bütün prioritet sahələrdə ardıcıl inkişaf edərək strateji tərəfdaşlıq və müttəfiqlik səviyyəsinə yüksəlməsi bizi sonsuz sevindirir".
Özbəkistan Prezidenti əminliklə vurğulayıb ki, bundan sonra da iki ölkə arasında fəal dialoqlar, ortaq səylər və birgə məqsədyönlü fəaliyyət sayəsində dostluq və hərtərəfli əməkdaşlıq dinamik inkişaf edəcəkdir:
"Bu əzəmətli və nurlu anlarda Sizə və bütün ailə üzvlərinizə möhkəm cansağlığı, xoşbəxtlik və ali dövləti fəaliyyətinizdə böyük uğurlar, dost Azərbaycan xalqına isə sülh, əmin-amanlıq, davamlı inkişaf və rifah arzulayıram".