
Bakı, 19 mart, TELEQRAF
Azərbaycan dilinin İranda statusu ispan dilinin ABŞ-dəki statusu kimi olmalıdır.
Diasporla İş üzrə Dövlət Komitəsindən bu barədə Teleqraf-a bildirilib ki, Dona Qrasiya Diplomatiya Mərkəzinin təsisçisi və baş direktoru, tanınmış israilli siyasi şərhçi və jurnalist Reyçel Avraham ölkəsinin populyar “Israel HaYom” nəşrində dərc olunmuş “İranda qeyri-fars dillərinə qarşı repressiyalar” sərlövhəli məqaləsində yazıb.
Qeyd olunub ki, bu yaxınlarda İran parlamentinin təhsil komitəsi tərəfindən hazırlanan İran məktəblərində “qeyri-fars ədəbiyyatı”nın tədrisi ilə bağlı qanun layihəsi parlamentin açıq iclasında səsverməyə çıxarılıb. 246 parlament üzvünün iştirak etdiyi səsvermədə təklifin lehinə 104, əleyhinə 130 deputat səs verib, 5 nəfər bitərəf qalıb, 7 nəfər ümumiyyətlə səs verməyib. Nəticədə, İranda yaşayan milli azlıqlara məxsus qeyri-fars dillərinin və ədəbiyyatının tədrisinə icazə verən təklif rədd edilib ki, bu da çox təəssüf doğurur.
Bildirilib ki, İranda qeyri-fars dillərinin tədrisi məsələsi yeni deyil, çünki İranın hazırkı prezidenti Məsud Pezeşkian seçki kampaniyası zamanı bu barədə bir neçə dəfə danışıb. O, Konstitusiyanın əlaqədar 15-ci maddəsini həyata keçirəcəyini və qeyri-fars dillərinə qarşı ayrı-seçkiliyi aradan qaldıracağını dəfələrlə bəyan edib. Müəllif İranda azlıqların dillərini müzakirə edərkən ölkənin hazırkı prezidenti ilə bağlı vacib bir detalı məxsusi qeyd edib. Pezeşkianın azərbaycanlı milli mənsubiyyətinə diqqət çəkən israilli jurnalist vəziyyəti belə şərh edib ki, ana dili fars dili olmayan bir prezidentin dövründə İran öz daxilində yaşayan qeyri-fars etnosların mədəni statusunu tanımaqdan imtina etməklə onlara qarşı zülm göstərməkdə davam edir.
Məqalədə Təbriz nümayəndəsi və İran parlamentinin təhsil komitəsinin rəhbəri Əlireza Monadinin parlamentdəki səsvermənin nəticəsiz qalmasına dair fikrinə də istinad olunub: “Ölkə əhalisinin təxminən 60 faizi türkcə danışır. Bu dil dünyada ən çox danışılan dillərdən biridir və dünyada ən çox danışılan üçüncü dil hesab olunur. Azərbaycan, Türkiyə və Türkmənistan da daxil olmaqla bir çox qonşu ölkələrdə türk dili rəsmi dildir və bu ölkələrlə dil və mədəni əlaqələr İran üçün imkan yarada bilər”. İrandakı sözügedən vəziyyəti ABŞ-dakı analoji vəziyyətlə müqayisə edən müəllif Azərbaycan dilinin yayılma arealına görə İranın ikinci dili olduğu nəzərə alınarsa, onun ABŞ-da ispan dili kimi eyni miqyasda tədris olunmasını zəruri hesab edib.
Məqaləni ətraflı şəkildə linkə keçid etməklə oxumaq mümkündür.