.png)
BAKI, 27 fevral. TELEQRAF
Ermənistanın sülh müqaviləsi layihəsi ilə bağlı təkliflərinə rəsmi Bakının cavabı İrəvana təqdim olunub. Bu barədə Ermənistan Xarici İşlər Nazirliyi məlumat yayıb. Həmin məlumatda Azərbaycandan sülh müqaviləsi ilə bağlı cavab alındığı lakin kommunikasiyaların bloklanması və qarşılıqlı silahlara nəzarət mexanizmi kimi digər sahələr üzrə təkliflərin cavabsız qaldığı qeyd edilir. Görünən odur ki, tərəflər arasında sülh mətni üzərində qarşılıqlı yazışmalar davam etsə, hər dəfə yeni mövzular ortaya çıxır.
Teleqraf-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bunu Ermənistanın diqqəti əsas məsələdən yayındırmaq cəhdi kimi dəyərləndirib.
Politoloq bildirib ki, sülh sazişinin əsas tələbi Ermənistan konstitusiyasına müvafiq dəyişikliklərin edilməsidir: “Konstitusiyada Azərbaycana, Türkiyəyə ərazi iddiaları var. Müddəalar əsas qanundan çıxarılmalıdır. Nikol Paşinyan da yeni konstitusiyadan danışmışdı. Görünür, qarşı tərəf topu Azərbaycanın üstünə atır. İddia edirlər ki, sülh sazişinin imzalanması üçün kommunikasiyaların bloklanmasının qarşısı alınmalıdır və qarşılıqlı olaraq silahlara nəzarət edilməlidir. Əslində, bunlar sülh mətnində yoxdur. Azərbaycanın Zəngəzur dəhlizinin açılması ilə bağlı tələbi var. Bu sülh sazişindən xaricdə aparılan danışıqlardır. Silahlara qarşılıqlı nəzarət məsələsi isə ümumiyyətlə müzakirə edilmir. Paşinyan da bu təkliflə çıxış etmişdi. Azərbaycan isə bu məsələyə heç reaksiya belə vermədi. Çünki Azərbaycanın müstəqil siyasi iradəsi var. Azərbaycan Ordusu bundan sonra daha da güclənməlidir. Harada görünüb ki, məğlub tərəf, qalib tərəfə silahlara birgə nəzarət etməklə bağlı diqtə etsin. Bu məqbul bir tələb və şərt deyil. Azərbaycan heç vaxt buna riayət etməyəcək”.
Mərkəz sədri hesab edir ki, bu cür məntiqsiz əlavələri gündəmə gətirməklə Ermənistan sülh sazişinin imzalanmasından yayınmağa çalışır: “Ermənistan konstitusiya dəyişikliyə getsə, sülh sazişinin imzalanması sürətlənə bilər. Erməni tərəfi isə sülh sazişinə yeni bəndlər əlavə etmək niyyətindədir”.
Siyasi şərhçi Asif Nərimanlı da Azərbaycanla Ermənistanın 17 bəndlik sülh sazişi layihəsinin əsas prinsiplərinin razılaşdırıldığını söyləyib.
“Beynəlxalq müstəvidə qarşılıqlı iddialardan imtina, üçüncü ölkələrə məxsus qüvvələrin şərti sərhəddən çıxarılması ilə tələbi var. Söhbət Avropa İttifaqının müşahidə “missiyası”ndan gedir. Azərbaycan və Ermənistan qarşılıqlı iddialardan geri çəkilə bilər mesajını verir. Bu ilin fevralında müddəti başa çatan Avropa İttifaqı “missiyası”nın vaxtı daha iki il uzadılıb. Demək, Ermənistan bu tələbi icra etmək istəmir. Beləliklə sülh sazişinin imzalanması sual altına düşür. Ola bilsin ki, rəsmi İrəvan bunun əvəzində ATƏT-in Minsk Qrupundan imtina təklif edir. Bu Bakının tələbələrindən olsa da, sülh sazişi layihəsinə daxil deyil”, - o qeyd edib.
Asif Nərmanlıya görə, kommunikasiyaların blokadadan çıxarılması məsələsi Zəngəzur dəhlizinin hansı prinsiplə açılmasını özündə ehtiva edir: “Azərbaycan dəhlizin hansı şərtlərlə açılması ilə bağlı mövqeyini açıqlayıb. Amma Ermənistan fərqli təkliflər irəli sürür. Naxçıvana yüklərin manesiz keçidi gündəmə gətirilir. Bunu da Ermənistan öz maraqları kontekstində həllini istəyir. İrəvanın “sülh kəsişməsi” layihəsi adlandırdığı məsələ bununla bağlıdır. Erməni tərəfi Naxçıvana gedəcək yüklər üçün bir neçə variant təklif edir. Daha az ödəniş etməklə Mehridən Naxçıvana yüklərin daşınmasından söhbət gedir. Təhlükəsizliyin təminatı isə təmassız formada həyata keçirilə bilər. Daşınan yüklər onlayn formada izlənilir və ermənilərlə heç bir təmas qurulmur. Bütün bunlar Azərbaycanın Zəngəzur dəhlizi tələbinə uyğun deyil. Sadəcə olaraq, Ermənistan müxtəlif təkliflər irəli sürməklə Azərbaycanı razı salmağa çalışır. Qarşılıqlı olaraq silahlara nəzarət məsələsi bir müddət öncə Ermənistan tərəfindən irəli sürülmüşdü. Paşinyan iddia edirdi ki, hər iki ölkə silahlanma ilə bağlı öhdəlik götürməlidir. Silahlanmanın müəyyənləşəcək kvotanın keçməməsi təklif edilirdi. Azərbaycan bu təklifi qəbul etmir. Kvota Ermənistanın marağında olan məsələdir”, - siyasi şərhçi bildirib.
Hərbi ekspert, ehtiyatda olan polkovnik Üzeyir Cəfərov da Ermənistanın silahlara qarşılıqlı nəzarət mexanizmi ilə bağlı fərqli iddialarda olduğunu deyib.
Polkovnik hesab edir ki, silahlara qarşılıqlı nəzarət mexanizminin olması mümkünsüzdür: “Beynəlxalq öhdəliklərə uyğun olaraq dünyada mövcud olan müvafiq strukturlar Azərbaycanın Müdafiə Nazirliyində zaman-zaman inspeksiya aparır. Bu monitorinqlər yüksək səviyyədə keçirilir. Emənistanın marağı başqadır. Beynəlxalq monitorinq qrupunda erməni təmsilçilərin Azərbaycanın hərbi hissələrinə baxış keçirmək iddiası var. Rəsmi Bakı buna razılıq verə bilməz”.
Üzeyir Cəfərov bildirib ki, Ermənistan belə iddialar irəli sürməkdənsə, üzərinə götürdüyu öhdəlikləri icra etməlidir: “İşğalda saxlanılan Qazax rayonunun 3, Naxçıvanın Kərki kəndi təhvil verilməlidir. Həmçinin Birinci Qarabağ müharibəsi dövründə itkin düşmüş azərbaycanlıların aqibəti aydınlaşmalıdır”.