
BAKI, 17 fevral. TELEQRAF
Türkiyənin Azərbaycandakı keçmiş səfiri, İMZA Sosial İnkişafa Dəstək İctimai Birliyinin Türkiyə nümayəndəsi Hulusi Kılıç Teleqraf-ın suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Hulusi bəy, son dövrlər Türkiyə- Ermənistan sərhədlərinin açılması ilə bağlı xəbərlər yayılır. Belə məlumatları yaymaqda məqsəd nədir?
- 1993-cü ildən bağlanan Türkiyə - Ermənistan sərhədlərinin açılacağına dair məlumatlar həqiqətə uyğun deyil. Bu sərhədlər məhz Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə görə bağlanmışdı. İndi isə bu xəbərləri yaymaqla, Türkiyə ilə Azərbaycan arasında soyuqluq yaratmaq istəyirlər. Hər kəs bilməlidir ki, Türkiyə Ermənistan məsələsində Azərbaycanın istəmədiyi heç bir addımı atmayacaq. Türkiyə Azərbaycanla Ermənistan arasında daimi sülhün olmasını gözləyir. Yekun sülh müqaviləsi imzalandıqdan sonra iki ölkə arasında 32 ildir bağlı qalan sərhədlərin açılması dəyərləndiriləcək. Bu gün iki qardaş ölkə olan Türkiyə və Azərbaycan bütün məsələlərdə birgə addım atır. Türkiyə ilə Azərbaycan arasında 2021-ci il iyunun 15-də tarixi Şuşa şəhərində müttəfiqlik haqqında Bəyannamə imzalandı. Bu Bəyannamə iki qardaş ölkənin parlamentləri tərəfindən də ratifikasiya edildi. Şuşa Bəyannaməsi iki qardaş ölkənin strateji əlaqələrini təsdiq edən bir sənəddir.
- Azərbaycanla Ermənistan arasındakı sülh prosesinə Türkiyənin münasibəti necədir?
- Türkiyə hər zaman can Azərbaycanın yanındadır. Ona görə də rəsmi Ankara Azərbaycanla Ermənistan arasındakı sülh prosesini yaxından izləyir. Ermənistan tərəfindən atılacaq ən böyük addım Azərbaycanla sülh müqaviləsi imzalayıb, Türkiyə ilə əlaqələri normallaşdırmaqdan ibarət olmalıdır. Əslində, bu, İrəvan üçün daha faydalı seçimdir. Çünki Azərbaycan xalqının digər heç bir xalqa qarşı düşmənçiliyi yoxdur. Vaxtilə iki toplumun birlikdə yaşaması da bunu təsdiq edir.
- Ermənistanın atacağı addımlar nədən ibarət olmalıdır?
- Ermənistanın keçmiş rəhbərləri erməni xalqına zərbə vurub. Azərbaycan torpaqları işğal edilib və 30 il işğalda saxlanılıb. Bununla da bölgədə sülh, əmin-amanlıq pozulub. Azərbaycan 2020-ci ildəki 44 günlük Vətən müharibəsi və 2023-cü ilin sentyabrın 19-20-də həyata keçirdiyi anti-terror tədbirləri ilə özünə aid tarixi torpaqları geri qaytarmaqla, bütün əraziləri üzərində suverenliyini təmin edib. Məhz bundan sonra rəsmi Bakı tərəfindən Ermənistana sülhlə bağlı konkret mesajlar verilib və təkliflər göndərilib. İndi əsl reallıqların qəbul edilməsi lazımdır. Ermənistan nəhayət, bugünkü reallıqlarla barışmalıdır.
- Sizcə, bölgədə sülhü bloklamağa çalışanlar kimlərdir?
- Ermənistanın Baş naziri Nikol Paşinyan mövcud reallığa uyğun addım atmalıdır. Amma erməni kilsəsi və diasporu Paşinyanın atmaq istədiyi addımlara əngəl olmaqdadır. Əslində, xaricdəki erməni diasporunun üzvləri gəlib Ermənistanda yaşasa, həqiqətləri görsə, bəlkə baxışları da dəyişə bilər. Bölgədə qısa zamanda sülhün olması vacibdir. Bu sülhdən faydalanacaq ölkə elə Ermənistan olacaq. Sülh şəraitində Türkiyə və Azərbaycanın imkanlarından Ermənistanın da faydalanması mümkündür.
- Zəngəzur dəhlizinin açılmasına Türkiyənin verdiyi dəstək nədən ibarətdir?
- Zəngəzur dəhlizinin açılması bölgə üçün mühüm önəm kəsb edir. Dəhlizin açılması Azərbaycan və Türkiyə ilə yanaşı, Ermənistana, ümumilikdə isə bölgəyə böyük imkanlar açacaq. Sözsüz ki, bu tarixi dəhliz gec-tez açılacaq. Azərbaycanla Ermənistan arasındakı sülh danışıqlarında Zəngəzur dəhlizi mövzusu olmasa da, Türkiyənin bu məsələdə mövqeyi birmənalıdır. Rəsmi Ankara Zəngəzur dəhlizinin açılmasına çox böyük önəm verir. Orta dəhlizin mühüm bir hissəsi məhz Zəngəzur dəhlizindən keçəcək. Beləliklə, Avropa ilə Asiya arasında sıx əlaqələr yaranmış olacaq. Əslində, bu Ermənistan üçün də mühüm faydalar verəcək. Ona görə də dəhlizin ən qısa zamanda açılması gözlənilir.