BAKI, 13 fevral. TELEQRAF

2019-cu ildə Qarabağ münaqişəsinin (artıq həll edilib – red.) həlli ilə bağlı ATƏT-in Minsk Qrupunun təqdim etdiyi proqram məzmun baxımından hamıya məlum “Lavrov planı” idi.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın hakim “Vətəndaş Müqaviləsi” Partiyasının deputatı Arman Yeqoyan deyib.

Onun müşahidəsinə görə, 2019-cu ildə təqdim olunan planın müəyyən detallarında dəyişiklik edilib.

“Məzmun baxımından bizim bildiyimiz həmin “Lavrov planı” idi. Bir detal əlavə edilə və ya çıxarıla bilərdi. Lavrovun planı belə idi: məsələ mərhələli şəkildə həll olunur, birinci mərhələdə ondan 5 rayon (Azərbaycana) qaytarılır, digər məsələlərin, o cümlədən Qarabağın statusunun (separatizm və işğalın davam etməsi üçün ortaya atılmışdı - red.) həlli isə qeyri-müəyyən müddət üçün gələcəyə buraxılır”, - Yeqoyan bildirib.

Xatırladaq ki, məsələ Azərbaycan ordusunun 2020-2023-cü illərdə keçirdiyi hərbi əməliyyatlarla tam həll olunub, Ermənistanın 1990-cı illərdə işğal etdiyi ərazilərimiz üzərində suverenliyimiz tam bərpa edilib. İşğal dövründə Minsk Qrupunun həmsədrləri – Rusiya, ABŞ və Fransa dəfələrlə ermənilərin xeyrinə təkliflər irəli sürsələr də, Azərbaycan bunların heç biri ilə razılaşmamışdı. Rusiya xarici işlər naziri Sergey Lavrov tərəfindən irəli sürülmüş plan da bunlardan biri idi.