
BAKI, 10 fevral. TELEQRAF
Yanvarın 29-da keçirilən bələdiyyə seçkiləri ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının (MSK) növbəti iclası keçirilib.
Teleqraf xəbər verir ki, iclasın gündəliyinə bələdiyyə seçkiləri ilə əlaqədar Komissiyaya ünvanlanan müraciətlərə baxılması ilə bağlı məsələ daxil edilib.
İclasda 71 saylı Cəlilabad, 76 saylı Lənkəran - Astara, 113 saylı Qax-Şəki, 81 saylı İmişli seçki dairələrindən Komissiyaya daxil olan müraciətlərə baxılıb.
MSK-nın qərarına əsasən, daxil olmuş bəzi müraciətlər Seçki Məcəlləsinin tələblərinə uyğun olaraq, aidiyyəti üzrə baxılması üçün müvafiq dairə seçki komissiyalarına göndərilmiş və ya bəzi müraciətlər əsasız hesab edilmişdi.
İclasda qeyd olunub ki, sosial şəbəkələrdə yayılan görüntülər araşdırılır və indiyə qədər 4 pozuntu halı aşkar edilib.
Xatırladaq ki, seçkilərdə 1 milyon 874 min 810 seçici səsvermə hüququndan istifadə edib və seçici fəallığı 31,45 faiz olub.