
BAKI, 10 fevral. TELEQRAF
Azərbaycan Respublikasının Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığındakı səfiri Elin Süleymanov Teleqraf İnformasiya Agentliyinin suallarını cavablandırıb.
Müsahibəni təqdim edirik.
- Cənab səfir, Azərbaycanla Böyük Britaniya arasındakı əlaqələrin hazırkı səviyyəsini necə qiymətləndirirsiniz?
- Ötən ilin noyabr ayında Britaniyanın hazırkı Baş naziri Keir Starmer ölkəmizin ev sahibliyi etdiyi COP29-un liderlər görüşündə iştirak etmək üçün Azərbaycana səfər etdi. Bu səfər müstəqilliyin bərpa edilməsindən sonra Britaniya Baş nazirinin Azərbaycana ilk səfəri idi. Ötən ilin iyul ayında isə Azərbaycan Prezidenti İlham Əliyev Britaniyanın Oksfordşir əyalətində keçirilən Avropa Siyasi Birliyinin zirvə görüşündə iştirak üçün Britaniyaya səfər etmişdi.
Həmin ay Londondakı səfirliyimizin yeni inzibati binasında keçirilən ilk rəsmi tədbirdə Britaniyanın enerji təhlükəsizliyi və xalis sıfır naziri Ed Miliband iştirak etdi. Azərbaycan Britaniya ikitərəfli əlaqələri tarixində ilk dəfə idi ki, Britaniya nazirlər kabinetinin ən yüksək rütbəli nazir vəzifəsində olan şəxs – Dövlət katibi Azərbaycanın Britaniyadakı səfirliyində keçirilən tədbirdə iştirak edirdi. Bu da öz növbəsində ölkə başçısının apardığı düzgün xarici siyasət nəticəsində ölkəmizə göstərilən hörmətin əlaməti idi.
Ötən ilin ortasında keçmiş ekologiya və təbii sərvətlər naziri, COP29 Prezidenti Muxtar Babayev, ilin sonuna doğru maliyyə naziri Britaniya Kralı Üçüncü Çarlzın dəvəti əsasında Bukinqem Sarayında təşkil edilmiş tədbirlərdə iştirak etdi.
20 Yanvar hadisələrinin 35-ci ildönümü ərəfəsində Britaniya parlamentinin İcmalar Palatasının üzvü Bob Blekman parlamentdə hadisələrin yad edilməsinə və unudulmamasına çağıran ilkin qanunvericilik təşəbbüsü irəli sürdü.
Bir neçə gün öncə isə Britaniya hökuməti Azərbaycan üzrə yeni ticarət elçisi təyin etdi. Nəzərə almaq lazımdır ki, Britaniya hökuməti heç də hər bir ölkə üzrə ticarət elçisi təyin etmir. Misal üçün, Cənubi Qafqaz regionunda Britaniyanın yalnız Azərbaycan üzrə ticarət elçisi var. Zənnimcə, bu faktlar əlaqələrin hazırkı səviyyəsi ilə bağlı suala aydın cavab vermiş olur. Ölkələrimiz arasında onilliklərə dayanan etibarlı tərəfdaşlıq mövcuddur və 2025-ci ilin də ikitərəfli əlaqələr üçün məhsuldar il olacağı qənaətindəyik.
- Bakı və London arasında münasibətlərin xarakteri necədir? Azərbaycanla Böyük Britaniya müttəfiq, strateji tərəfdaş, yoxsa yaxşı siyasi və iqtisadi əlaqələrə malik ölkələrdir?
- Mən bu münasibətləri strateji tərəfdaşlıq kimi səciyyələndirərdim. Britaniya rəsmiləri də adətən Azərbaycana “strateji tərəfdaş” kimi istinad edirlər. İki ölkə arasında fəal siyasi dialoq var.
2023-cü ilin dekabr ayında Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, ötən ilin oktyabr ayında Azərbaycan Respublikası Prezidentinin Xüsusi Tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyov Londona səfər edərək vacib tərəfdaşlarla faydalı görüşlər keçirdilər. XİN-lər arasında “strateji dialoq” mexanizmi mövcuddur. 2023-cü ilin iyun ayında xarici işlər naziri Ceyhun Bayramov sayca dördüncü dialoqda iştirak etmək üçün Londonda səfərdə oldu. Növbəti strateji dialoqun bu il ölkəmizdə keçirilməsi üzərində iş aparılmaqdadır. Bir neçə gün öncə xarici işlər naziri Ceyhun Bayramovla Britaniya xarici işlər naziri David Lammy arasında telefon danışığı baş tutdu.
Əlbəttə, dövlətlər arasında münasibətlərin xarakterini müəyyən edən çoxlu faktorlar var və bu cür qiymətləndirmələr nisbətdə daha aydın başa düşülür. 30 ildən çoxdur ki, Britaniya Azərbaycanda ən böyük xarici investor olaraq qalır. Bugünədək Britaniya Azərbaycana 85 milyard ABŞ dolları həcmində sərmayə qoyub. Bizim bundan irəli gələn birgə hədəflərimiz var. 2024-cü ildə iki ölkə arasında ticarət dövriyyəsi 1.5 milyard funt sterlinqə çatıb. Britaniya ilə əlaqələrimizdə iqtisadi ölçü ağırlıq təşkil etsə də, bütün sahələrdə - siyasi, humanitar, təhsil və sairə yaxşı əlaqələr var və tərəflər bu münasibətləri daha da irəli aparmaq əzmindədir.
Yanvar ayında Milli Məclisin deputatı, Azərbaycan-Britaniya parlamentlərarası işçi qrupun sədri Fariz İsmayılzadə Britaniyada səfərdə oldu və britaniyalı həmkarlarıyla görüşdü. Görüşlərdə parlamentlərarası əlaqələrin daha da irəli aparılmasının önəmi vurğulandı.
- İki ölkə arasında iqtisadi əlaqələrin səviyyəsi sizi qane edirmi? Böyük Britaniya Azərbaycanda daha çox hansı sahələrə investisiya yatırıb? Hansı sahələrdə əlavə investisiya qoymaq imkanları var? Rəsmilərin bəyanatlarına əsasən 2030-cu ildə Azərbaycanda neft erası başa çatacaq. Bundan sonra BP Azərbaycan iqtisadiyyatında nə kimi rol oynaya və hansı sahələrdə fəaliyyət göstərə bilər?
- Sevindirici haldır ki, Britaniya ilə Azərbaycan arasında möhkəm özüllərə malik güclü iqtisadi əlaqələr var. Bugünədək iki ölkə arasında iqtisadi məsələlər üzrə Birgə Hökumətlərarası Komissiyanın 7 iclası keçirilib. 8-ci iclasın önümuzdəki aylarda Londonda keçirilməsi planlaşdırılır. Britaniya-Azərbaycan Ticarət Palatası aktiv fəaliyyət göstərir. Eyni zamanda cənab Prezidentimiz İlham Əliyevin də hər zaman dediyi kimi, biz bugünkü nailiyyətlərlə kifayətlənməməli, daha da müsbət inkişaflar üçün çalımalıyıq.
Əlbəttə, Britaniya ilə münasibətlərimizin hər zaman daha da güclənməsini istərdim. Çünki bu münasibətlər qarşılıqlı fayda gətirən, illərin sınağından çıxan, regionda stabilliyə və inkişafa töhfə verən münasibətlərdir. Əlaqələrimizin özəyini enerji münasibətləri təşkil edir. Xəzər dənizinin Azərbaycana aid hissəsində ən böyük neft yatağı olan Azəri-Çıraq-Günəşli layihəsinin əməliyyatçısı Britaniyaya məxsus BP şirkətidir. 2024-cü ildə AÇG-nin 30 yaşı tamam oldu. Digər tərəfdən hamımıza məlumdur ki, dünya artıq 30 il öncəki dünya deyil. Qlobal iqlim dəyişikliyi dünyanın enerji hasilatına baxışını dəyişməkdədir. Artıq alternativ enerji istehsalı, dekorbanizasiya kimi məsələlər haqlı olaraq əksər investisiyaların əsas meyarlarıdır.
Britaniya hökuməti yaşıl inkişaf məsələsini daxili və xarici siyasətin mərkəzinə qoyub. Təbiidir ki, bu, Britaniyanın sərmayə hədəflərinə də təsir edir. Britaniya tərəfi Azərbaycanla yaşıl keçid üzrə əməkdaşlığa hazır olduğunu hər fürsətdə bəyan edir. COP29 çərçivəsində Bakıda səfərdə olan Britaniyanın Biznes və Ticarət naziri Duqlas Aleksandr ilə Azərbaycan Respublikasının İqtisadiyyat naziri Mikayıl Cabbarov arasında keçirilən görüşdə də yaşıl keçidin iqtisadi imkanları və mümkün əməkdaşlıq perspektivləri barədə faydalı müzakirələr aparıldı.
Məlumdur ki, ölkəmiz regionda alternativ enerjiyə qoyulan sərmayələrin həcminə görə liderdir. Ölkələrimiz arasında alternativ enerji və dekarbonizasiya sahəsində əməkdaşlıq üçün geniş imkanlar var. Ötən il COP29 çərçivəsində BP şirkəti tərəfindən Cəbrayıl rayonunda tikilməsi nəzərdə tutulan 240 MVt gücündə Şəfəq Günəş Elektrik Stansiyasının təməlqoyma mərasimi keçirildi. Bu, ölkələrimizin yaşıl keçid sahəsində əməkdaşlığının ilk nümunəsidir və mən əminəm ki, gələcəkdə bu kimi layihələrin sayı artacaqdır.
- Böyük Britaniya və Azərbaycan arasında hərbi-texniki əməkdaşlıq mövcuddurmu? Bu sahədə ikitərəfli əməkdaşlığın perspektivlərini necə görürsünüz?
- Hərbi-texniki əməkdaşlığımız 12 avqust 2004-cü il tarixində hər iki tərəfin Müdafiə nazirlikləri arasında imzalanmış “Anlaşma Memorandumu”na əsasən davam etdirilir.
2014-cü ildən etibarən isə iki ölkənin Müdafiə nazirlikləri arasında hər il bir ölkədə olmaqla “qərargah danışıqları” keçirilməkdədir. Sonuncu qərargah danışıqları 16-18 oktyabr 2023-cü il tarixlərində ölkəmizdə keçirilmişdi, 2024-cü ilin yanvar ayında “Müdafiə nazirlikləri arasında ikitərəfli əməkdaşlıq Planı” imzalanmışdı. Bu plan çərçivəsində hərbi zabitlərimiz ingilis dili kurslarına və digər təlimlərə cəlb olunur.
Bu yaxınlarda Azərbaycan Ordusunun zabiti Sənan Əsədov Britaniyadakı prestijli Sandhurst hərbi akademiyasından məzun oldu. Azərbaycan Ordusunun Birləşmiş Krallıqda hərbi attaşesi fəaliyyət göstərir. 1999-cu ilin iyun ayından Birləşmiş Krallığın Gürcüstanda mənzillənmiş hərbi attaşesi Azərbaycan Respublikasında da akkreditə olunmuşdu. Növbəti aylar ərzində isə Britaniya müstəqillik dövründə ilk dəfə Azərbaycana hərbi attaşe təyin edəcək. Düşünürəm ki, bu, ikitərəfli hərbi əməkdaşlığın inkişafı üçün yeni imkanlar açacaq.
Hərbi əməkdaşlıqdan bəhs edərkən bir məsələyə xüsusi toxunmaq istəyirəm. Britaniya hökuməti 2020-ci ildən başalayaraq Azərbaycanda minalarla mübarizəyə təqribən 1,5 milyon funt sterlinq yardım göstərib. Bu, olduqca vacib məsələdir və biz göstərilən maddi-texniki dəstəyə görə Britaniya tərəfinə minnətdarıq.
Britaniyanın MAG (Mines Advisory Group) qeyri-hökumət təşkilatı da Azərbaycanda mina təmizləmə fəaliyyətinə təlimlərlə dəstək verir. Ümidvarıq ki, bu irimiqyaslı çətin çağırışla mübarizədə Britaniya gələcək illərdə də Azərbaycanın yanında olacaq.
- Azərbaycan və Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlıqdan razısınızmı? Bu sahədə durum necədir?
- Mən çox sevinirəm ki, ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlıq yüksək səviyyədədir. Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair müvafiq dövlət proqramı çərçivəsində Azərbaycanlı gənclərin ali təhsil üçün seçdikləri ölkələrin arasında ilk sırada Britaniya dayanır. Onu da qeyd edim ki, son illərdə xüsusi ilə Imperial College, Oxford Universiteti, Cambridge Universiteti, London School of Economics, University College London kimi dünya reytinqlərində ən ön sıralarda qərarlaşan universitetlərdə təhsil almağa gələn Azərbaycanlı gənclərin sayı artmaqdadır.
Bu, cənab Prezident İlham Əliyevin bu istiqamətdə göstərdiyi diqqət və qayğının nəticəsidir. Azərbaycan tələbələrinin dünyanın qabaqcıl universitetlərində təhsil alması ölkəmizin insan kapitalının güclənməsinə kömək edir və inkişaf modelimizin müasir dünya ilə ayaqlaşması prosesini dəstəkləyir.
Azərbaycan Respublikasının Təhsil Nazirliyi hər il Londonda keçirilən Dünya Təhsil Forumunda iştirak edir. Sonuncu dəfə elm və təhsil naziri Emin Əmrullayev 2024-cü ilin may ayında keçirilən Təhsil Forumunda iştirak məqsədi ilə Londonda səfərdə oldu və bir sıra britaniyalı tərəfdaşlarla görüşlər keçirdi. Gənclərin xarici ölkələrin nüfuzlu universitetlərində təhsil alması üzrə müvafiq dövlət proqramının icrasına uğurla nəzarət edən E.Əmrullayev səfər zamanı elə Britaniyada təhsil alan tələbələrlə də görüş keçirdi, onların suallarını cavablandırdı.
Ölkəmizdə ingilis dilinin tədrisi ilə əlaqədar British Council tərəfindən çoxsaylı layihələr həyata keçirilməkdədir. Hesab edirəm ki, gələcəkdə təhsil sahəsində ikitərəfli əməkdaşlığın inkişafı üçün daha böyük potensial mövcuddur.
- Azərbaycan torpaqları Ermənistanın işğalı altında olanda Böyük Britaniya münaqişənin həllində ədalətli mövqe tutan azsaylı ölkələrdən idi. İndi isə Azərbaycan öz torpaqlarını işğaldan azad edib, ərazi bütövlüyü və suverenliyini tam təmin edib. Britaniya cəmiyyəti bu reallığı qəbul edirmi? Londonun bununla bağlı mövqeyini necə dəyərləndirirsiniz?
- Britaniya keçmiş münaqişə, eləcə də post-münaqişə dövründə bir qayda olaraq beynəlxalq hüquqa əsaslanan mövqe sərgiləyib. Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə hər zaman hörmət ifadə edən Britaniya post-münaqişə dövründə Ermənistanla Azərbaycan arasında birbaşa danışıqların əhəmiyyətinə diqqət çəkir və davamlı sülhün əldə olunması səylərinə dəstək ifadə edir.
Britaniyanın xarici siyasətinin əsasında beynəlxalq hüququn norma və prinsiplərinə hörmət amilinin dayanması təqdirəlayiqdir. Bu yanaşma Azərbaycanın beynəlxalq hüquqa uyğun siyasəti ilə üst-üstə düşməklə yanaşı, Britaniyanın öz milli maraqlarına və beynəlxalq münasibətlərinə də töhfə verir.
- Cənab səfir, Britaniyadakı Azərbaycan icmasının fəaliyyətindən razısınız?
- Britaniyaya səfir kimi gəldiyim ilk gündən etibarən bu ölkədəki icma üzvlərimizin fəallığı və vətənpərvərliyi məni olduqca sevindirir və qürurlandırır. İcma nümayəndələrimiz Azərbaycan günlərində yaxından iştirak edirlər. Onlar Azərbaycan reallıqlarının və mədəniyyətinin Britaniyada tanıdılmasında əvəzolunmaz rol oynayırlar və mən çox şadam ki, diasporumuz bu məsələlərdə böyük uğurlara nail olub.
Mən Britaniya-Azərbaycan Cəmiyyəti, Azərbaycan Evi, Britaniya Azərbaycanlıları Assosiasiyası, Natəvan Qadınlar Cəmiyyəti kimi diaspor təşkilatlarımız, eləcə də Britaniya Avropa Azərbaycan Məktəbinin fəaliyyətini, həmçinin Şotlandiyada və İrlandiyadakı icma fəallarımızı xüsusi vurğulamaq istərdim. Britaniyada təhsil alan tələbələrimiz də diaspor fəaliyyətinə böyük töhfə verirlər, oxuduqları universitetlərdə Azərbaycan həqiqətləri və mədəniyyətini təşviq edirlər.
Diaspor fəaliyyətinin əlaqələndirilməsi vacib məqamdır və nəticənin əldə edilməsində önəmlidir. Fürsətdən istifadə edərək mən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinə bu işdə göstərdiyi səylərə görə təşəkkür etmək istəyirəm.
Ötən il dekabrın əvvəlində biz Londonun ən nüfuzlu məkanlarından birində Komitənin də dəstəyi ilə Dünya Azərbaycanlılarının Həmrəylik günü münasibəti ilə Xalq artisti Miri Yusifin konsertini təşkil etdik. Salonda olan enerji mükəmməl idi və əsl həmrəylik təntənəsi idi. Arzu edirəm ki, xalqımız, həmvətənlərimiz həmişə bir olsunlar, həmrəy olsunlar.
İcma fəallarımızın gördüyü iş çox dəyərlidir. Biz onların dəstəyini hər zaman hiss edirik. Ötən ilin sonlarına yaxın Azərbaycan Hava Yollarına məxsus təyyarənin qəzaya uğraması hər birimizi dərindən sarsıtdı. Qəza baş verən andan etibarən icma nümayəndələrimiz səfirliyə gəlir, öz kədərlərini bizimlə bölüşür, səfirliyin qarşısında yaradılmış anım guşəsinə gül dəstələri qoyurdular. Həmişə olduğu kimi bu il də 20 Yanvar hadisələrinin 35-ci ildönümü münasibəti ilə səfirlikdə icma nümayəndələrimizin iştirakı ilə anım tədbiri keçirildi. Belə günlərdə icmamızın bir araya toplaşması, vətənimizin kədərini bölüşməsi çox qiymətlidir. Mən onların hər birinə təşəkkür edirəm.
- Azərbaycan öz turizm sektorunu fəal şəkildə inkişaf etdirir. Sizcə, Azərbaycan daha çox britaniyalı turisti nə cəlb edə bilər? Nəyə diqqət etməliyik?
- Azərbaycan zəngin turizm potensialına malik ölkədir. Əslində regionun turizm paytaxtı olmaq üçün bütün lazımi parametrlərə sahibik: Xəzər dənizi, zəngin mətbəx, həm dağlıq, həm düzənlik ərazilər, qış və yay turizmi üçün imkanlar, YUNESKO-nun maddi-mənəvi irs siyahısına daxil olan nümunələr, Qədim İpək Yolu üzərində yerləşməyimiz, dünya standartlarına cavab verən möhtəşəm hava limanları, mehmanxanalar, alış-veriş mərkəzləri, regionlarımızın bir-birindən gözəl və fərqli ab-havası və sairə.
Düşünürəm ki, Dövlət Turizm Agentliyi və xüsusilə Azərbaycan Turizm Bürosu (ATB) bu istiqamətdə çox proqressiv işlər görürlər. Onlar hər il ölkəmizi Londonda keçirilən London Travel Market və digər irimiqyaslı turizm sərgilərində təmsil edirlər. Mən ATB-nin son illərdə həyata keçirdiyi dayanıqlı turizm təcrübələrini xüsusi vurğulamaq istərdim. Çünki məhz dayanıqlılıq Britaniya turistinin üz tutduğu ölkədə axtardığı turizm dəyərlərindəndir. Britaniyalılarla söhbətlərdən məlum olur ki, ölkəmizdə keçirilən "Formula 1" tədbiri bu ölkədən olan turistlər üçün çox cəlb edicidir. Onlar həmçinin milli mətbəximizə, palçıq vulkanlarına, xalçaçılıq ənənələrinə valeh olurlar.
Düşünürəm ki, gələcəkdə britaniyalı turistləri ölkəmizə həm də Azərbaycanın zəngin təbiəti ilə bağlı təşviqat işi cəlb edə bilər. Əsas iqlim qurşaqlarını özündə birləşdirən Azərbaycanın təbii müxtəlifliyi, milli parkları, fauna və flora aləmi britaniyalı turistlərin diqqətini çəkə bilər. Bildiyiniz kimi, COP29-da yüzlərlə britaniyalı iştirak etdi. Səfirliyə olan geridönüşlərdən aydın olur ki, onların çoxu yaxın gələcəkdə Azərbaycanı daha yaxından kəşf etmək üçün Bakıya bir də qayıtmaq fikrindədirlər. Azərbaycan Hava Yollarının həftədə 6 gün Londona birbaşa reysinin olması Britaniyadan Azərbaycana turistlərin gəliş-gedişini daha da asanlaşdırır.
- Cənab səfir, müsahibəyə vaxt ayırdığınız üçün təşəkkür edirik.