
BAKI, 6 fevral. TELEQRAF
Güney Azərbaycandan olan soydaşlarımızın İrəvanın mərkəzi meydanında “Qarabağ” mahnısı oxuması İranın Ermənistandakı səfiri Mehdi Sübhanini hiddətləndirib.
Teleqraf xəbər verir ki, səfir bu barədə erməni jurnalistlərə danışıb.
Azərbaycana qarşı qərəzli və təxribatçı mövqeyi ilə tanınan Sübhani bu dəfə də “köhnə ənənə”sinə sadiq qalıb.
“Saxta hekayələr, təhdidlər və şübhəli videolar iki ölkə arasında möhkəm münasibətləri poza və ya aramızda fikir ayrılıqları və şübhələrə səbəb ola bilməz. Qarşılıqlı diplomatik səfərlər və qarşılıqlı anlaşma düşmənlərin iki ölkə arasında münasibətlərdə şübhə və ya anlaşılmazlıq yaratmasına imkan verməyib”, - səfir əlavə edib.
Xatırladaq ki, yanvarın 30-da Ermənistan mediasında İrəvanın “Respublika” meydanında bir qrup şəxsin Azərbaycan dilində “Qarabağ” mahnısını oxumasını əks etdirən video yayılıb. Videoda görünən şəxslərin Güney Azərbaycandan olan soydaşlarımız olduğu bildirilib.
Video Ermənistanda rezonans doğurub, gərgin müzakirələrə səbəb olub.