Azərbaycanda elmi dərəcələrin verilməsi "Təhsil haqqında" qanunla tənzimlənir. Həmin qanuna görə, ali təhsil müəssisələrində mütəxəssis və elmi-pedaqoji kadr hazırlığı üç səviyyəlidir: bakalavriat (tibb təhsili istisna olmaqla); magistratura (tibb təhsili istisna) və doktorantura (keçmiş aspirantura). Doktorantura ali təhsilin ən yüksək səviyyəsi olmaqla, elmi və elmi-pedaqoji kadrların hazırlanmasını, ixtisas və elmi dərəcələrin yüksəldilməsini təmin edir.
Bəs elmi dərəcə necə müəyyənləşir? "Doktoranturaların yaradılması və doktoranturaya qəbul qaydaları"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin 1 iyul 2010-cu il tarixli qərarına görə, doktorantura təhsili AMEA-da, ali təhsil müəssisələrində və elmi təşkilatlarda yaradılan doktoranturalarda (hərbi təhsil müəssisələrində adyunkturalarda) həyata keçirilir və müvafiq elmi dərəcənin verilməsi ilə başa çatır.
Doktoranturaların yaradılması haqqında vəsatət ali təhsil müəssisələrinin və elmi təşkilatların sifarişləri əsasında onların tabe olduqları müvafiq qurumlar tərəfindən Nazirlər Kabinetinə təqdim olunur, AMEA və Təhsil Nazirliyinin rəyləri əsasında təsdiq edilir.
Vəsatətə ali təhsil müəssisələrinin, elmi (elmi-tədqiqat, elmi-istehsalat) təşkilatlarda elmi şuraların qərarları əlavə olunur. Qərarda doktorantura təhsili üçün nəzərdə tutulan ixtisasların siyahısı və müvafiq elmi potensialın mövcudluğu göstərilir.
Dissertant da olmaq mümkündür
Doktorantura özlüyündə 2 pilləlidir: elmi sahələri göstərilməklə fəlsəfə doktoru və elmlər doktoru. Fəlsəfə doktoru keçmiş elmlər namizədi statusundadır.
Bundan başqa, ali təhsil müəssisəsində, elmi və digər təşkilatlarda çalışan elmi-pedaqoji kadrlara elmi dərəcələrin verilməsi dissertantlıq yolu ilə də reallaşdırılır.
Nazirlər Kabinetinin qərarına görə, fəlsəfə doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 3 il, qiyabi və ya dissertantlıq yolu ilə isə 4 ildir. Elmlər doktoru proqramı üzrə doktoranturada əyani təhsil müddəti 4 il, qiyabi 5 il, dissertantlıq isə 5 ildir. Müstəsna hallarda təhsil müddəti uzadıla bilər.
Mövzu rəhbərlə müəyyənləşdirilir
Sənətşünaslıq üzrə fəlsəfə doktoru elmi dərəcəsi almış Vidadi Qafarovun bildirdiyinə görə, doktorant, yaxud dissertant elmi dərəcəsinə sahib olmaq üçün öncə dissertasiya mövzusu müəyyənləşməlidir. Mövzu, adətən, ona təyin edilən elmi rəhbərlə birgə seçilir. Həmin mövzu institutun Elmi Şurasında, sonra isə AMEA-nın müvafiq bölməsində, ardınca akademiyanın Rəyasət Heyətində təsdiqlənir. Bəzi hallarda akademiyanın müvafiq bölümü mövzunu təsdiqləmir, yalnız redaktə edir: "Doktorant və ya dissertant hazır dissertasiya işini elmi rəhbərinə təqdim edir, iş elmi rəhbərin nəzarətindən keçdikdən sonra müvafiq elmi şöbəyə müzakirəyə verilir.
Müzakirədə dissertasiya işinə müsbət rəy verilirsə, iş Müdafiə Şurasına çıxarılır. Bu zaman müvafiq sənədləşdirmə işləri aparılır və Müdafiə Şurasına göndərilir.
Müdafiə Şurasında çox vaxt növbə olur. Dissertantın növbə sırası müəyyənləşir, onun üçün seminar təşkil olunur. Seminardan keçən dissertanta Müdafiə Şurası tərəfindən opponentlər, aparıcı müəssisə və dissertasiyanın müdafiəsi üçün vaxt təyin edilir. Həmin vaxtda müdafiə keçirilir, proses videoyaddaşa köçürülür".
Müdafiə Şuraları Ali Attestasiya Komissiyası (AAK) tərəfindən müvafiq sahələr üzrə universitetlərdə, yaxud digər elmi-təhsil müəssisələrində 3 illik müəyyənləşir.
Müdafiədən keçən dissertantın işi AAK-a göndərilir: "İki qovluq sənədin biri qalır Müdafiə Şurasının elmi katibində, digəri isə 1 ay ərzində Ali Attestasiya Komissiyasına göndərilir. Burada bəzi sənədləşdirmə işləri aparılır. 1 aylıq müddət ötürdükdə iş elmi müdafiə kimi qəbul edilmir, yenidən müdafiəyə ehtiyac yaranır".
Elmi dərəcənin təsdiqlənməsi prosesi niyə uzanır?
AAK isə 6 ay ərzində bu işi ya təsdiq edir, ya da geri qaytarır. Elmi dərəcənin təsdiqlənməsi prosesi Azərbaycanda bir çox hallarda uzanır. Təsdiq olunduqdan sonra doktorant fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülür.
Həmsöhbətimiz dedi ki, elmlər doktorunun təyini proseduru müəyyən mərhələdən sonra fərqli olur. Təsadüfi hallarda elmlər doktoru üzrə Müdafiə Şuraları müəyyən edilir. Doktorluq dissertasiya işi hazır olduqdan sonra birbaşa AAK-a göndərilir.
Elə elm adamları var ki, fəlsəfə doktorudur, amma elmdə yüksək xidmətləri olduğuna görə, məsələn, 10 kitabı var, yüksək səviyyəli kadrlar hazırlayıb, bu halda ona AAK tərəfindən professor titulu verilə bilər.
Azərbaycanda dissertantların rastlaşdıqları bürokratik süründürməçilik sovet dövründə olduğu kimi, indi də mövcuddur. Süründürməçilik səbəbindən müdafiə üçün xaricə üz tutanlar da olur.
AMEA Şərqşünaslıq İnstitutunun əməkdaşı Tural Sadiqli məhz bu cür əngəllərdən uzaq olmaq üçün Türkiyənin Atatürk Universitetinə müraciət edib. Şərqşünaslıq sahəsi üzrə dissertasiya işini müdafiə edib. Bildirdiyinə görə, bu prosesdə hər hansı çətinliyə rast gəlməyib.
Fəlsəfə doktoru elmi dərəcəsi üçün 4, elmlər doktoru üçün 7 elmi məqalə
Fəlsəfə doktoru elmi dərəcəsi üçün Azərbaycanda 4 elmi məqalə, elmlər doktoru üçün isə 7 elmi məqalənin dərci şərtləri də var.
Tural Sadiqli bildirdi ki, Azərbaycanda bir məqalənin çapı da bir işçinin maaşından artıq olur və daha nələr var ki, elm adamını zinhara gətirir: "Türkiyədə isə 1 elmi məqalə kifayət edir. Əlbəttə, nə qədər elmi məqalə çox olsa, bir o qədər dissertantın üstünlüyüdür, amma aparıcı şərt deyil".
Həmsöhbətimiz bildirdi ki, Türkiyədə yazılan dissertasiyalarin ictimailəşməsi və əldə edilməsinin asanlaşdırılması istiqamətində mükəmməl sistem yaradılıb, ona görə də dissertasiya işlərinin praktiki əhəmiyyəti var.
Elmi işlərlə bağlı struktur islahatlar gözlənilir
Elmi dərəcənin verilməsi ilə əlaqədar AMEA-da struktur islahatların aparılması gözlənilir. Yanvarın 21-də AMEA Rəyasət Heyətinin iclasında Mərkəzi Aparatın Elmi-təşkilat idarəsinin adı dəyişdirilərək AMEA Rəyasət Heyəti Aparatının Elm və təhsil idarəsi adlandırılıb. İdarənin rəisi Əminağa Sadıqova yeni əsasnamə hazırlayaraq Rəyasət Heyətinin müzakirəsinə təqdim etmək tapşırılıb. Ad dəyişikliyinin mahiyyətə necə təsir edəcəyini isə gələcək göstərəcək.
İdarənin əməkdaşı Vüsal Fərzəliyevin sözlərinə görə, qurumun tərkibində yeni fəaliyyətə başlayan təhsil şöbəsində islahatlar istiqamətində müəyyən araşdırmalar aparılır. Onun sözlərinə görə, hər il doktorantura və dissertantura üzrə yer ayrılması haqqında Nazirlər Kabineti sərəncam verir.
15 avqust 2014-cü il 253 saylı sərəncama əsasən, AMEA 2015-ci il üçün institutların ixtisasları üzrə nə qədər yer ayrılması barədə elan verib. Elan üzrə sənədlərin qəbulu prosesi aparılır və imtahanlara start verilir: "Adətən, imtahan ixtisas, xarici dil və fəlsəfədən olur. Bu il imtahanlara hələ başlanmayıb. Amma ötən ilki təcrübəyə əsasən deyə bilərəm ki, ixtisas imtahanları institutların özündə, fəlsəfə imtahanı, adətən, Fəlsəfə İnstitutunda, xarici dil imtahanı isə akademiyanın Rəyasət Heyətindəki xarici dil kafedrasında aparılır. İmtahanı hər bir sahə üzrə yaradılan imtahan komissiyası götürür".
Hazırda doktoranturaya imtahan verənlərin bəzisi test üsulunu arzulayır. Çünki onların fikrincə, şifahi və yazılı formada keçirilən imtahan prosesində qeyri-obyektivliyə yol verilir.
Vüsal Fərzəliyev bildirdi ki, imtahan komissiyasının qəbul etdiyi qaydaya uyğun imtahan şifahi və yazılı aparılır. Növbəti ildən imtahanın hansı qaydada aparılacağı barədə konkret fikir olmasa da, təkmilləşmə gözlənilir: "Ola bilər, test variantı tətbiq edilsin, amma hələ bu işlərə yeni başlanıb. Doktoranturaya qəbul olunanların sənədləşməsi prosesi hələ yenicə başa çatıb. Hansı işlər görüləcək buna, akademiyanın rəhbərliyi səviyyəsində qərar veriləcək".
Sevil Hilalqızı