Azərbaycan Ermənistan xarici işlər nazirlərinin Vaşinqtondan sonra Moskvada keçirəcəyi görüş, aparılacaq müzakirələr diqqət mərkəzindədir. Azərbaycanın mövqeyi bütün platformalarda baş tutan görüşlərdə açıq şəkildə ifadə edilib. Burada əsas problem Ermənistanın bu və ya digər formada Qarabağda yaşayan ermənilərin hüquqları və təhlükəsizliyi ilə bağlı hansısa bir beynəlxalq mexanizmin yaradılmasına çalışmasıdır. Bu da sözsüz ki, sülh sazişinə başlıca problem yaradır.
Bunu Teleqraf.com-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin sədri Fərid Şəfiyev deyib.
O qeyd edib ki, bu ilin may ayında Nikol Paşinyan Azərbaycanın Qarabağ üzərində suverenliyini tanıdığını bəyan etsə də, digər tərəfdən Ermənistan hakimiyyətinin təmsilçiləri tamam başqa mətləblərdən danışırlar: “Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın Vyanada səfərdə olarkən “Qarabağda ayrıca bir mexanizm yaratmalıyıq” açıqlaması bu müstəvidə proseslərə əngəl yaradır. Eyni zamanda burada sərhədlərin delimitasiya məsələsininın hansıs əsasda aparılacağı da aydınlaşmalıdır”.
Fərid Şəfiyev hesab edir ki, delimitasiya ilə bağlı məsələlər hələ də mübahisəli olaraq qalır: “Amma bu, sülh razılaşmasından kənarda olan bir prosesdir. Çünki sülh sazişi imzalandıqdan sonra delimitasiya və demarkasiya prosesi daha sürətlə gedəcək. Bunun üçün müəyyən bir əsas olacaq. Yəni ölkələr bir-birinin ərazi bütövlüyünü tanımasa, burada delimitasiya prosesini həyata keçirmək mümkün deyil”.
Mərkəz sədrinə görə, hazırda proses ətrafında geosiyasi oyunlar davam edir: “Fakt odur ki, Rusiyanın bu problemlərə münasibəti dəyişməyib. Bu ölkə yenə də hər hansı formada olursa-olsun prosesi öz nəzarətində saxlamaq istəyir. Amma bütün bunlara baxmayaraq Azərbaycan Moskva platformasından imtina etmir”.