Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla özəl müsahibəni təqdim edirik:
- Səbinə xanım, Ombudsmanın Qarabağ regional mərkəzinin yaradılacağı anonsunu vermisiniz. Mərkəzin fəaliyyətə başlaması nə zamana planlaşdırılır?
- Sizə də məlum olduğu kimi Ombudsmanın 4 regional – Şimal (Quba, Xızı, Siyəzən, Şabran, Qusar, Xaçmaz rayonları əhatə olunmaqla), Cənub (Cəlilabad, Neftçala, Salyan, Biləsuvar, Masallı, Yardımlı, Lənkəran, Lerik, Astara rayonları əhatə olunmaqla), Şimal-Qərb (Şəki, Qəbələ, Oğuz, Qax, Zaqatala, Balakən rayonları və Mingəçevir şəhəri əhatə olunmaqla) və Qərb (Gəncə, Naftalan şəhərləri, Yevlax, Göygöl, Daşkəsən, Samux, Goranboy, Şəmkir, Gədəbəy, Tovuz, Ağstafa, Qazax rayonları əhatə olunmaqla) regional mərkəzləri fəaliyyət göstərir. Struktur islahatları çərçivəsində işğaldan azad edilmiş ərazilərimizi əhatə edən Qarabağ adlı yeni regional mərkəzin yaradılmasını nəzərdə tutmuşuq.
Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə şanlı Ordumuzun işğaldan azad etdiyi Qarabağa bu günlərdə ilk tarixi qayıdış hadisəsinin böyük qürur hissi ilə şahidi olduq. Belə ki, 58 nəfərdən ibarət 10 ailə Zəngilan rayonunun “ağıllı kənd” konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə köçürüldü və ümumilikdə ay ərzində 41 ailənin də köçürülməsi nəzərdə tutulur. Növbəti aylarda da böyük qayıdış prosesi davam etdiriləcək. Hazırda vətəndaşlarımızın əzəli torpaqlarımıza qayıtması üçün əsas maneə minalarla bağlıdır.
İşğal altında olmuş torpalarımızın demək olar ki, əksər hissəsi mənfur düşmənlərimiz tərəfindən minalanıb. Biz bununla bağlı dünya ictimaiyyətini məlumatlandırmaq məqsədilə müxtəlif vaxtlarda hesabatlar hazırlamışıq. Əlbəttə ki, torpaqların minalardan təmizlənməsi çox böyük maliyyə və zaman tələb edir. Təbii ki, biz səbrli olmalı, müvafiq dövlət orqanlarının mina təhlükəsi ilə bağlı tövsiyələrinə riayət etməliyik. Dövlətimiz xalqımıza qarşı müharibə cinayətləri törətmiş, torpaqlarımızı minalarla zəhərləmiş Ermənistanın hərbi-siyasi hakimiyyətinin məsuliyyətə cəlb olunmasını, ölkəmizə vurulmuş ziyanın ödənilməsi məsələsini müvafiq beynəlxalq instansiyalarda qaldırıb. Öz dədə-baba torpaqlarına qayıtmış vətəndaşlarımızın hüquqlarının təmini məsələsi daim diqqət mərkəzimizdədir. Hazırda da biz məcburi köçkünlərlə sıx təmasdayıq, onların hər bir müraciətinə həssaslıqla yanaşılır və diqqətdə saxlanılır.
- Ümumilikdə post-müharibə dövründə Ombudsman Aparatının gördüyü əsas işlər nədən ibarətdir?
- Ombudsman Aparatının fəaliyyəti çoxşaxəlidir, mandatımız çox genişdir. Belə ki, hərbi qulluqçuların, uşaqların, qadınların, cəzaçəkmə müəssisələrində saxlanılan şəxslərin, ümumilikdə şəxsin öz iradəsi ilə tərk edə bilmədiyi bütün yerlərdə saxlanılan şəxslərin, miqrantların və əhalinin digər qruplarından olan insanların hüquqlarının müdafiəsi ilə məşğuluq. Fəaliyyətimizi hansısa bir istiqamət ilə məhdudlaşdıra bilmərəm. Amma siz Ermənistanla bağlı sual ünvanlayırsınızsa, bizim bu günə qədər bir çox sahələri əhatə edən, xüsusən uşaqların beynəlxalq sənədlərdə təsbit olunmuş hüquqlarının kobud pozulmasına səbəb olan cinayətləri, minaların törətmiş olduğu fəsadlar haqda iki geniş hesabatımız olub. Ermənilər tərəfindən Gəncədə, Bərdədə törədilən müharibə cinayətləri, ekoloji və digər məsələlər hər zaman fəaliyyətimizin prioriteti hesab olunub.
Konstitusiya Qanunu ilə Ombudsmana verilmiş səlahiyyətlər çərçivəsində insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində fəailiyyətimizi davam etdirməkdəyik.