Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu Teleqraf.com-un suallarını cavablandırıb.
Onunla müsahibəni təqdim edirik:
- Sərdar bəy, Brüssel formatının ardınca, Moskva danışıqlarına nə dərəcədə ehtiyac var idi?
- Nikol Paşinyan özünün açıqladığı kimi “qurbanlıq qoyun” olmaqdansa, müstəqil Ermənistan olmaq istəyir və bunun daha yaxşı olduğunu düşünür. Ona görə də Paşinyanı o qədər də Qərbin adamı kimi tanımaq da doğru deyil. O ilk erməni lideridir ki, Ermənistanı Rusiyanın təsirindən azad edib, müstəqil dövlətə çevirmək istəyir.
- Moskva görüşündə Türkiyə məsələsinin müzakirəsi nə ilə bağlı olub?
- Burada sadəcə olaraq Rusiya Türkiyəni incitməmək üçün proseslərə bir qədər fərqli yanaşmağa çalışıb. Amma Türkiyənin özünün burada aktiv rolu mümkündür. Qardaş ölkənin hər zaman olduğu kimi gedən proseslərdə yer alaraq öz mövcudluğunu təmin edəcəyi gözləniləndir.
- Qərbin dəstəyini, maliyyə təminatını alan Ermənistanın Rusiyanın maraqlarına xidmət etməsi nə dərəcədə real görünür?
- Qərb Ermənistana bu investisiyaları ancaq müstəqil siyasat aparacağı təqdirdə verəcəyini bəyan edir. Eyni zamanda Moskva görüşündə elan edilən yekun sənəddə Minsk qrupunun bu prosesdə iştirakı da arzulanır. Bu da onu göstərir ki, Ukrayna cəbhəsində Qərblə düşmənçilik edən Rusiya dolayı yolla onlarla dil tapmaq istəyir. Cənubi Qafqazda hər hansı bir formada Qərbin mövcudluğuna qarşı çıxan Rusiya yenidən ATƏT-in Minsk qrupunun səylərini dəstəklədiyini elan edir. Burada onun məqsədi ABŞ və Fransa ilə dil tapmaqdan ibarətdir. Rusiyanın niyyəti Ukraynaya görə, yaradılmış blokadanı yarmaqdır. Görünən odur ki, Rusiya yenidən bu məsələdə dövlət maraqlarını ortaya qoyur.
- Bəs Rusiya XİN rəhbəri Sergey Lavrovun ATƏT-in Minsk qrupunun fəaliyyətinin sona çatması ilə bağlı açıqlaması necə oldu?
- Bəli, bundan öncə S.Lavrov demişdi ki, artıq Minsk qrupu yoxdur. Çünki Ukrayna müharibəsinə görə ABŞ və Fransa Rusiya ilə heç bir əməkdaşlıq etmək istəmir. Amma Moskva görüşündən sonra yayılan sənədə diqqət etdikdə görürük ki, burada Rusiyanın yenidən ATƏT-in Minsk qrupunun prosesdə iştirakı arzulanır.
- ABŞ və Fransa nümayəndə heyətləri bu yaxınlarda Cənubi Qafqazda səfərdə oldu. Amma onlar özlərini Minsk qrupununun təmsilçisi kimi deyil, Xüsusi nümayəndə kimi təqdim etdi. Bu paradoks nədən qaynaqlanır?
- Artıq ATƏT-in Minsk qrupu fəaliyyət göstərmir. Rusiya ilə hər hansı bir formada əməkdaşlıq etmək Qərb dəyərlərinə zidd hesab edilir. Rusiya işğalçılıq siyasətini davam etdirdikcə, özünə hörmət edən böyük dövlətlər onunla istənilən müstəvidə əməkdaşlıq etmək niyyətində deyil. Rusiya bu gün Avropa Şurasından, BMT-nin İnsan Hüquqları Komitəsindən çıxarılıb. Artıq G-7 ölkələri Rusiyaya ayrılan kreditləri dayandırıb. Bundan sonra sa Rusiyanın beynəlxalq ictimaiyyətdən təcrid olunması istiqamətində işlər davam edəcək.
- Qırğızıstan prezidentinin Bakıya səfəri baş tutdu, ölkələr arasında mühüm sənədlər imzalandı. İki ölkə arasında əməkdaşlıq perspektivlərini necə qiymətləndirirsiniz?
- KTMT-də olan bir çox dövlətlərin Azərbaycanla sıx əlaqədə olması bizim xeyrimizədir. Çünki həmin təşkilatda təmsil olunan Ermənistan bundan istifadə edib Azərbaycana qarşı hansısa bir qərar qəbul edə bilməyəcək. Ona görə də bu cür ikitərəfli sənədlərin imzalanması dövlətimizin ümumi maraqlarının xeyrinədir. Həmçinin KTMT-də təmsil olunmaq ikitərəfli əməkdaşlığa da maneə yaratmır. Ola bilsin KTMT-də yer alan dövlətlər üçün müəyyən öhdəliklər var. Amma bundan kənarda Qırğızıstan öz inkişafı və perspektivi üçün Azərbaycanla əməkdaşlıq etmək niyyətindədir.