Hazırda dünyada gedən mürəkkəb ictimai- siyasi, iqtisadi böhran və hərbi gərginliklər fonunda beynəlxalq arenada ölkəmizin əhəmiyyəti daha da artır. Azərbaycan 44 günlük Vətən müharibəsini Qələbə ilə başa vuraraq BMT qətnamələrini özü icra etməklə, suveren hüquqlarını və ərazi bütövlüyünü bərpa etdi. Müharibənin nəticələri əsasında yeni geosiyasi və geoiqtisadi vəziyyət yaranıb. Dünyanın aparıcı beynəlxalq təşkilatları yeni reallıqları qəbul edir. Bunlar isə beynəlxalq təşkilatlarla aparılan fəal əməkdaşlığın əsasında baş verib. Azərbaycan bir çox ölkələrlə çoxtərəfli əməkdaşlıq edir, birgə layihələr icra edir. Dövlət başçısının apardığı balanslı xarici siyasət nəticəsində ölkəmizin nüfuzu gündən-günə artır. Çünki 30 illik müstəqillik tarixində Azərbaycan daim etibarlı dövlət kimi özünü tanıda bilib.

Bunu Teleqraf.com-a Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynova deyib.

Professor qeyd edib ki, mədəniyyət paytaxtımız Şuşada Azərbaycanın BMT-yə üzvlüyünün 30 illiyinə həsr olunmuş beynəlxalq tədbirin keçirilməsi xüsusi ilə təqdirəlayiq idi:

“Bu konfrans bir daha göstərdi ki, BMT Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Qurumun, Təhlükəsizlik Şurasının qəbul etdiyi kağız üzərində qalan qərarlarını Azərbaycanın icra etməsi BMT-nin üzərindən də bu ağır yükü götürmüş oldu. Məhz bu mənada BMT xətti ilə Şuşada tədbirin keçirilməsi xüsusi önəm kəsb edirdi. Bu hadisə Ermənistanda əsassız narazılıqla qarşılandı. Sözsüz ki, qarşı tərəf artıq dərk etməlidir ki, biz torpaqlarımızı işğaldan azad etmişik, onların yersiz iddiaları yalnız özlərinin əleyhinədir. Çünki bu gün ölkə başçısının çevik və uzaqgörən diplomatik bacarıqları nəticəsində Azərbaycan qoşulmama prinsipini əsas götürməklə, praqmatik siyasət həyata keçirir. Azərbaycan BMT-dən sonra ikinci böyük beynəlxalq təsisat olan Qoşulmama Hərəkatındakı fəaliyyətini, eləcə də bu təşkilatın ölkəmizə verdiyi dəstək mühüm önəm daşıyır. Bu hərəkat hər zaman Azərbaycana həmrəylik nümayiş etdirib. Ölkəmizin bu hərəkata sədrliyi dövrü ilə təşkilat özünün yeni inkişaf dövrünü yaşayır”.

Millət vəkili İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində də Azərbaycanın uğurlu fəaliyyətinə toxunub: “İslam Əməkdaşlıq Təşkilatı işğal dövründə dəfələrlə ədalətli, bizim mövqeyimizi əks etdirən qərar və qətnamələr qəbul edib. ATƏT-lə də bağlı ölkəmizdə birtərəfli münasibət mövcuddur. ATƏT-in Minsk qrupu 28 illik “fəaliyyəti” Azərbaycan cəmiyyətinə yaxşı məlumdur”.

Komitə sədri Vətən müharibəsindən sonra Avropa İttifaqı ilə Azərbaycan münasibətlərinin daha intensiv xarakter aldığını vurğulayıb:

“Bu təşkilat da postmünaqişə dövrünün reallıqlarını qəbul edib. Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin təşəbbüsü ilə dekabr və aprel aylarında üçtərəfli görüşlərin keçirilməsi Azərbaycanla təşkilat arasında olan münasibətlərin səviyyəsini bir daha gündəmə gətirir. Bu mənada Avropa İttifaqının son bəyanatında “Dağlıq Qarabağ”, “münaqişə”, “Minsk qrupu” ifadələrinin yer almaması xüsusi ilə önəmli idi. Çünki Avropa İttifaqı Azərbaycan-Ermənistan əlaqələrinin normallaşması ilə məşğuldur və son aprel görüşündə bu məsələlər bir daha müzakirə edilib. Azərbaycanın 5 prinsipdən ibarət təklifinə Ermənistan tərəfi müsbət yanaşıb. Bu müddəalarda Azərbaycanın ərazi bütövlüyü açıq şəkildə təsbit edilib. Eyni zamanda 30 ildə ilk dəfə Azərbaycan Ermənistan xarici işlər nazirləri arasında telefon söhbəti olub. Bu təcrübə iki ölkə arasındakı münasibətlərin birbaşa tənzimləınməsi üçün olduqca vacib predmetlərdən hesab edilir. Bütün bunlar ona dəlalət edir ki, Azərbaycan addım-addım öz məqsədlərinə doğru irəliləyir və istədiyi nəticəyə nail olur”.

Hicran Hüseynova hesab edir ki, regionda sülhün və təhlükəsizliyin təmin edilməsi istiqamətində çox mühüm işlər görülür: “Bu təşəbbüslərdən biri də 3+3 əməkdaşlıq formatıdır. Azərbaycan postmüharibə mərhələsinə böyük uğurlar qazanmağa imkan verən mükəmməl xarici siyasət kursuna malik Cənubi Qafqaz lideri kimi qədəm qoyub”.