“Türkiyə və Rusiya prezidentlərinin görüşü baş tutdu, tərəflər üç saat ərzində müzakirələr apardı. Amma bu görüşün detalları heç vaxt açıqlanmayacaq. Burada əhəmiyyətlisi odur ki, bu yaxınlarda Prezident Ərdoğan Soçi görüşü barədə müsbət fikirlər işlətdi, görüşün konstruktiv şəraitdə keçdiyini bildirdi”.

Bunu Teleqraf.com-a Milli Məclisin deputatı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazdə deyib.

Asim Mollazadə əmindir ki, Rusiya və Türkiyə arasında ən azından Cənubi Qafqazda qarşıdurma olmayacaq.

Onun sözlərinə görə, bunun özü olduqca mühüm hadisədir.

Asim Mollazadə Ərdoğan-Putin görüşünün detallarının açıqlanmamasını özünəməxsus formada şərh edib: “Əvvəla nəzərə almaq lazımdır ki, bir görüşdə bütün məsələlər öz həllini tapmır. Hansısa məsələlər ətrafında razılıq əldə olunur, bununla bağlı müsbət yanaşma ortaya qoyulur. Həm də nəzərə almaq lazımdır ki, bunlar məxfi-iki tərəf arasında olan müzakirələr olduğundan onun detallarının açıqlanması uyğun bilinmir. Üstəlik belə detallar heç vaxt açıqlanmır”.