LAÇIN, 22 avqust. TELEQRAF
Heydər Əliyev yalnız Azərbaycan xalqının qəhrəmanı deyil.
Teleqraf-ın Qarabağ bürosunun xəbərinə görə, bunu Laçında Baş Prokurorluq tərəfindən keçirilən beynəlxalq konfransda MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi Yuri Nikolayeviç Jdanov deyib.
İcraçı katib bildirib ki, Azərbaycan torpağında, MDB-yə üzv dövlətlərin də bir hissəsi olduğu o nəhəng ölkənin rəmzlərinə çevrilən böyük şəxsiyyətləri və nailiyyətləri yada salmamaq mümkün deyil.
“Yaşadığım dövrün bir nümayəndəsi kimi qeyd edə bilərəm ki, böyükmiqyaslı Baykal-Amur magistralının tikinti layihəsinin uğurla həyata keçirilməsində həmin illərdə SSRİ Nazirlər Soveti sədrinin birinci müavini olmuş, ikiqat Sosialist Əməyi Qəhrəmanı Heydər Əliyevin həlledici rolu olub. Bu görkəmli şəxsiyyət yalnız Azərbaycan xalqının qəhrəmanı deyildi. Biz hamımız onu böyük hörmət və minnətdarlıq hissi xatırlayırıq", - deyə o qeyd edib.
Qeyd edək ki, Laçında Azərbaycan Respublikasının Baş Prokurorluğu tərəfindən “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusunda beynəlxalq konfrans keçirilir. Baş prokuror Kamran Əliyev, MDB-yə üzv dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurasının icraçı katibi Yuri Nikolayeviç Jdanov və onun müavini Abduraxmon Xotambekov, Türkiyə Respublikasının Ali Məhkəməsinin Baş Prokurorluğunun prokurorları Ahmet Gökay Aktaş və Mustafa Yakar, eləcə də Gürcüstan Baş Prokurorluğunun Beynəlxalq əməkdaşlıq idarəsinin prokuroru Temur Tsindeliani və digər qonaqlar iştirak edirlər.