BAKI, 17 yanvar. TELEQRAF
2030-cu ilə qədər 5G texnologiyası qlobal mobil trafikin əsas hissəsini təşkil edəcək və abunəçilərin sayı milyardlarla ölçüləcək.
Teleqraf xəbər verir ki, bu barədə "Anadolu Ajansı" yazır.
“Vodafone Business Tech Connect Ankara” tədbirində çıxış edən "Vodafone Türkiye" şirkətinin baş direktorunun müavini Özlem Kestioğlu bildirib ki, 2030-cu ildə mobil trafikin təxminən 80 faizi 5G şəbəkələrinin payına düşəcək. Onun sözlərinə görə, həmin dövrdə dünyada 40 milyarddan çox IoT qurğusu şəbəkəyə qoşulmuş olacaq.
Kestioğlu qeyd edib ki, 2030-cu ildə 5G abunəçilərinin sayı 6,3 milyarda çatacaq və bu göstərici mobil rabitə istifadəçilərinin ümumi sayının 67 faizini təşkil edəcək.
"Anadolu Ajansı" həmçinin vurğulayır ki, 5G texnologiyasının iqtisadi təsiri də olduqca böyük olacaq. Proqnozlara əsasən, 2030-cu ilə qədər 5G-nin iqtisadi effekti ABŞ-də 1,5 trilyon dollar, Çində isə 1,2 trilyon dollar səviyyəsində qiymətləndirilir.
Özlem Kestioğlu bildirib ki, 5G təkcə rabitənin keyfiyyətini artıran vasitə deyil, eyni zamanda yüksək sürət və geniş tutum sayəsində müxtəlif sahələrin inkişafını sürətləndirən iqtisadi artım katalizatorudur.